Güləşçimiz Murad Məmmədov Avropa çempionatında üçüncü olub

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanda
keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

AzerTimes-ın
məlumatına görə, M.Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel
Bobilloya tam üstünlüklə qalib gəlib – 8:0. M.Məmmədov dörddəbir
finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb – 6:1.
Güləşçimiz yarımfinalda türkiyəli Kerem Kamala uduzub – 0:8.
Həmyerlimiz bürünc medal uğrunda Razvan Arnaut (Rumıniya) ilə
qarşılaşıb. Rəqibini 5:2 hesabı ilə məğlub edən M.Məmmədov qitə
birinciliyini üçüncü pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz
Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan
Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib
çıxıblar.

Sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl,
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79
kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və
Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi
komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Qadın
güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala yiyələnib.

Teqlər: