Güləşçimiz erməniyə qalib gələrək yarımfinala çıxıb

Güləşçimiz Turan Bayramov erməniyə qalib gələrək yarımfinala çıxıb.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Murad Haqverdiyev ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Sabir Cəfərov təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.

Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib.

Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb.

Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.

Zəfər Əliyev debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Ukrayna idmançısıyla bacarmayıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Teqlər: