Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa
çempionatı davam edir.
AzerTimes-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi
məlumata görə, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə
millimizin son 2 üzvü mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə
qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək
yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran
Minasyanı sınağa çəkib. Görüşün əvvəlindən sonunadək üstünlüyə
sahib olan Nihat rəqibinə heç bir şans tanımayıb və tam üstünlüklə
qalib gəlib – 9:0. Güləşçimiz martın 9-da finalda gürcü İrakli
Cimistarişviliylə qarşılaşacaq.
Adəm Hacızadə (72 kq) debütdə macar Atilla Toeşmaqiylə üz-üzə
gəlib. Görüş gərgin mübarizə şəraitində keçib. Rəqib güləşçi ilk
hissəni 7:0 hesabıyla öndə tamamlayıb. Həmyerlimiz ikinci hissədə
bu xallardan 5-nin əvəzini çıxsa da, daha 2 xal qazanmağa vaxt
çatmayıb – 5:7.