Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
Trend xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (74 kq) 1/8 finalda almaniyalı idmançını vaxtından əvvəl xalçadan məyus yola salıb. ABŞ təmsilçisiylə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması T.Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib. Ancaq Macarıstan idmançısı xalçaya çıxmadığı üçün güləşçimiz birbaşa üçüncü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Rusiya təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesabla qələbə qazanan T.Bayramov dünya üçüncüsü olub.
Saqadulla Ağayev (86 kq) debütdə Qırğızıstan idmançısına qalib gəlib. Lakin növbəti mərhələdə Fransadan olan rəqibinə yenilib. Fransalı idmançının finala yüksəlməsi millimizin üzvünə bürünc medal qazanmaq şansı verib. Təmsilçimiz təsəlliverici görüşdə moldovalı rəqibindən güclü olub. Türkiyə pəhləvanını sonuncu xal prinsipinə əsasən üstələyən S.Ağayev bürünc medalı boynundan asıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 sərbəst güləşçisi – Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.