Güləşçilərimiz Avropa çempionatınında yarış günü ərzində 4 medal qazanıblar

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı
davam edir.

Trend xəbər verir ki, çempionatın altıncı günündə – aprelin 2-də
55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən
yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.

Eldəniz Əzizli (55 kq) yarışa dörddəbir finaldan start verib.
Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam
üstünlüklə qalib gəlib – 8:0. E.Əzizli yarımfinalda erməni Rudik
Mkrtçyana da gücünü göstərib. Rəqibini 7:3 hesabı ilə xalçadan
məyus yola salan təcrübəli pəhləvanımız dördillik fasilədən sonra
ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli
həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşıb.
Güləşçimiz karyerası boyunca dəfələrlə qalib gəldiyi rəqibi növbəti
dəfə məğlubiyyətə uğradaraq (8:2) dördillik fasilədən sonra ikinci
dəfə Avropa çempionu olub. Mükafatlandırma mərasimində güləşçilərə
medalları Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya
Güləş Birliyinin Büro üzvü Namiq Əliyev və Azərbaycan
Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə təqdim
ediblər.

Taleh Məmmədov (63 kq) yarışa dörddəbir finaldan qoşulub.
Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub – 5:1.
T.Məmmədov yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin
keçən görüşün ikinci hissəsində uğurlu “çevirmə” fəndi idmançımıza
qələbə qazandırıb – 3:1. Beləliklə, təmsilçimiz ikinci dəfə Avropa
çempionatının finalında güləşmək hüququ qazanıb. Həmyerlimiz
finalda gürcü Leri Abuladze ilə güləşib və rəqibinə 1:3 hesabı ilə
məğlub olaraq Avropa çempionatını gümüş medalla başa vurub.

Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda rumıniyalı İlye
Koyokariyə heç bir şans tanımayıb – 9:0. S.Süleymanov növbəti
mərhələdə erməni dünya çempionu Malxas Amoyanla gərgin keçən
görüşdə minimal fərqlə (6:5) uduzub. Rəqib finala yüksəldiyi üçün
güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Litvalı
Mantas Sinkeviçyusa ilk hissədə tam üstünlüklə (8:0) qalib gələn
S.Süleymanov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Həmyerlimiz həlledici görüşdə isveçli Albin Olofssonla qarşılaşıb
və 5:0 hesablı qələbə ilə Avropa çempionatının bürünc medalına
sahib çıxıb.

İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal
fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz dörddəbir finalda serbiyalı
dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurabi
Datunaşviliylə gərgin keçən mübarizədən 5:3 hesablı qələbə ilə
ayrılaraq adını yarımfinala yazdırıb. İ.Abbasov final yolunda
rumıniyalı Niku Samuel Oyoqla güləşib. İlk hissənin əvvəllərində
əks-fənddə yaxalanan İ.Abbasov məğlubiyyətdən qaça bilməyib.
Güləşçimiz bürünc medal uğrunda bolqar Yoan Dimitrovla mübarizə
aparıb və 5:1 hesablı qələbə qazanaraq Avropa çempionatını üçüncü
pillədə başa vurub.

Yığmamızın üzvü Beka Kandelaki (130 kq) Avropa çempionatına
inamlı qələbə ilə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı
Mixaylo Vişnivetskiyə vaxtından əvvəl (10:0) qalib gəlib.
B.Kandelaki dörddəbir finalda erməni David Ovasapyanı 5:1 hesabı
ilə məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz finalın bir
addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, üçqat
Olimpiya medalçısı Rza Kayaalpla (Türkiyə) qarşılaşıb. Tərəflər
görüş ərzində yalnız hərəyə 1 cərimə xalı qazanıb. Sonuncu xalı
rəqib əldə etdiyi üçün təmsilçimiz ümidini bürünc medala bağlayıb.
Ancaq macarıstanlı Attilla Vitekə 1:4 hesabı ilə uduzan B.Kandelaki
beşinci yerlə kifayətlənib.

Beləliklə, yunan-Roma güləşçilərimiz Avropa çempionatına 1
qızıl, 1 gümüş və 2 bürünc medalla start veriblər.

Qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst
güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.
Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı
Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq)
gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə
bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri
tutaraq Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova
(65 kq) gümüş medala sahib çıxıb. Qitə birinciliyinə aprelin 3-də
yekun vurulacaq.

Teqlər: