Güclü külək paytaxtda internetin sürətinə necə təsir edib? – AÇIQLAMA

Paytaxtda yaşayan bəzi internet istifadəçiləri hava küləkli
olanda internetin sürətinin aşağı düşməsindən şikayət ediblər.

Məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-dən (Baktelecom)
AzerTimes-a bildiriblər ki, küləkli hava şəraiti ilə əlaqədar
müştərilərlə əlaqələr üzrə aidiyyəti bölmələrinə internet sürətinin
aşağı olması ilə bağlı daxil olan müraciətlərdə artım müşahidə
olunmayıb.

“İnternet xidmətində çətinlikləri olan istifadəçilərin
məlumatları təqdim olunarsa, tərəfimizdən müvafiq araşdırma
aparılacaq və zəruri tədbirlər görüləcək.

“Baktelecom” tərəfindən istifadəçilərin xidmət çətinliyi fərdi
qaydada araşdırılır, xətt göstəricilərinin texniki normalara
uyğunluğu müəyyənləşdirilir, şəbəkəni ötürən modemin saz vəziyyətdə
olmasına diqqət yetirilir”, – qurumdan qeyd edilib.

MMC-nin məlumatına görə, internet xidmətinin kəsintisiz
ötürülməsi üçün “Baktelecom”un texniki heyəti tərəfindən şəbəkədə
meydana gələn yüklənmələrin qarşısının alınması istiqamətində
mütəmadi profilaktik tədbirlər həyata keçirilir:

“Eyni zamanda kabel-kanal qurğularının texniki normalar
çərçivəsində istifadəsi, dirəklərin doğru məsafə və dərinlikdə
yerləşdirilməsi, naqillərin izolyasiyası kimi qabaqlayıcı tədbirlər
görülür.

Davamlı yüksək xidmət keyfiyyətinin saxlanılması və müştəri
məmnuniyyətinin təmin edilməsi məqsədi ilə Baktelecom-un
müraciətlərin qəbulunu 24/7 həyata keçirən 155 Çağrı Mərkəzi, rəsmi
veb-saytında (https://www.baktelecom.az/) onlayn çat bölməsi və
sosial şəbəkələrdə hesabları (https://www.facebook.com/baktelecom
https://twitter.com/baktelecom
https://www.instagram.com/baktelecom.az
/ ) mövcuddur.

Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını
sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər” –
açıqlamada vurğulanır.

Teqlər: