Güclü geomaqnit qasırğası gözlənilir

Martın 28-də Günəşdə baş verən tac kütlə atılmasının
geoeffektivliyi (CME – Coronal Mass Ejection) səbəbindən 30 mart-1
aprel tarixlərində Yerin geomaqnit sahəsində kifayət qədər güclü
həyəcanlanma baş verəcək.

Trend xəbər
verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika
fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bunun nəticəsində göstərilən tarixlərdə maqnit qasırğası
gözlənilir. Martın 29-da Günəşin səthində çoxsaylı M və C
siniflərindən olan alışmalar baş verib. Baş verən alışmalar da
maqnit qasırğasının güclənməsinə səbəb olacaq.

Hazırda Günəş küləyi parametrləri tac dəliklərindən çıxan yüksək
sürətli axınların (CH HSS – Coronal Hole High Speed Stream) təsiri
və martın 25-də baş vermiş tac kütlə atılması nəticəsində güclü
səviyyədə qalmaqdadır. Martın 30-u səhər saatlarında geomaqnit sahə
sakit olub.

Martın 28-də baş vermiş tac kütlə atılması və fəal yüksək
sürətli axınların təsiri nəticəsində martın 30-da günün sonunda
sakit şərait G1 səviyyəli (zəif-mülayim) maqnit qasırğası ilə
müşayiət olunan həyəcanlanmış şəraitlə əvəzlənəcək. Martın 31-də
günün əvvəlində maqnit qasırğası G3, bəzi saatlarda isə G4
səviyyəsinə yüksələcək.

Tac kütlə atılmasının təsiri aprelin 1-də azalacağından
geomaqnit şərait G2 səviyyəli maqnit qasırğası ilə əvəzlənəcək.

Qeyd edək ki, maqnit qasırğalı kosmik hava şəraiti ilk növbədə
xüsusi risk qrupuna daxil olan insanlara təsir edir. Ürək-qan damar
və digər xroniki xəstəlikləri olan insanlar, qismən də ahıllar və
azyaşlılar daha çox diskomfort hiss edirlər. Belə hallar adətən
impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü
göstərir.

Teqlər: