Gözümün qarşısında beş nəfər həlak oldu – Bərdə terrorunun şahidi

Xəbər - Fərid Zöhrabov – Trend:

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub, nəticədə 21 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Həmin zaman yaralanan Bərdə sakini Əhəd Cabbarov şahidi olduğu dəhşətli anlarla bağlı təəssüratlarını Trend-ə danışıb:

“Keçən il oktyabr ayının 28-də Bərdənin Üzeyir Hacıbəyli küçəsində avtomobilimdə əyləşmişdim. Radioda ordumuzun qələbə xəbərlərini dinləyirdim. Azad olunan torpaqlarımıza xəritədə baxmaq üçün avtomobildən yerə endim. Xəritəni maşının kapotunun üstünə sərib, baxmağa başladım. Elə həmin an partlayış səsi eşitdim. Bir də baxdım ki, yerdəyəm. Gözümün qarşısında raketin atılması nəticəsində beş nəfər həlak oldu. Dostum qaçdı ki, mənə kömək eləsin, bu zaman atılan ikinci raket nəticəsində o da yaralandı. Qıçım qırıldı, qolumdan yaralandım. İlkin olaraq bizi Bərdə xəstəxanasına gətirdilər. İlk yardımı orada etdilər. Lakin hər an xəstəxananın ermənilər tərəfindən vurulma təhlükəsi olduğundan məni və başqa yaralıları Yevlax rayon xəstəxanasına təxliyə etdilər. Ağır yaralıları Yevlax xəstəxanasında saxladılar, yüngül yaralıları isə Mingəçevir şəhərində müalicəyə göndərdilər.

Mülki əhalinin ermənilər tərəfindən atəşə tutulması bir daha ermənilərin necə vandal, terrorçu, qatil xalq olduğunu göstərir.”

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Teqlər: