Gözdən əlillər üçün tikilən mənzilləri 6 milyon manata satan şəxsin məhkəməsi keçirilib

Xəbər - Trend.

Bakı Ağır Cinayətlər məhkəməsində dələduzluqda təqsirləndirilən
Məzahir Nəsibovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə zərərçəkmiş Vüsal Ağayev bildirib ki, bu iş üzrə
9-10 nəfər saxlanılmalıdır. Təkcə bir nəfər yox.
26 saylı Mənzil İstismar İdarəsinin rəisi Natiq Məmmədov bizə
yaxınlaşıb dedi ki, aztəminatlı ailələrə ev tikilir. Bildirildi ki,
bu mənzildə sizə də ev verilə bilər. 2 mərtəbəsi gözdən əlillərə,
10 mərtəbəsi isə aztəminatlı ailələrə veriləcək. Bizə dedi ki,
bundan ötrü Nərimanov rayonunda yataqxanaya qeydiyyata düşmək
lazımdı. Qeydiyyata düşəndən sonra dedilər ki, Nərimanov rayon İcra
Hakimiyyətin Yoməddin adlı şəxslə görüşmək lazımdır. Məzahir
Yoməddinə zəng vurdu, dedi ki ev istəyənlər var. Yoməddin də dedi
ki bəli, belə bir mənzil tikilir.

Məzahirlə ikimiz notariusa getdik, orada borc müqaviləsi
bağladıq. Məzahirə 80 min manat verdim. Məzahir mənə özünü
Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim
etmişdi. Sonradan da 5 min manat verdim. Məzahir dedi ki, 80 min
manat evin pulunu, 5 min manat isə Natiq Məmmədova verilməlidir ki,
ev növbəsi ilə bağlı sərəncam alınsın.

Sonra da dedilər ki, Məzahir ölkədən qaçıb. Gəldim icra
hakimiyyətinə, dedilər ki, Məzahir icra hakimiyyətində
işləmir”.

Zərərçəkmiş bildirib ki, hadisədən sonra o Natiq Məmmədovla
əlaqə saxlayıb:

“Natiq dedi ki, Məzahir Nəsibov ölkədən qaçıb, şikayət olmasın,
sizə ev verəcəyik. Bir müddətdən sonra o da telefonu açmadı.
Hazırda Rövşən adlı vəkil zərərçəkmişlərlə görüşür, bizə dəymiş
ziyanı ödəyir”.

Təqsirləndirilən şəxs bildirib ki, cinayət işi yenidən ibtidai
istintaqa qaytarılmalıdır: “İş yenidən araşdırılmalı ibtidai
istintaqa qaytarılmalıdır. Çünki iş düzgün aparılmayıb. Məzahir bu
işdə qurbanlıq qoyundur. Məzhirin hər bir şəraiti var idi, ona nə
sərf edirdi başını bəlaya salsın. Məzahir içəridə oturub, çöldə
onun adından pul paylayırlar”.

Zərərçəkmiş Muğan Nəsirov bildirib ki, ev alqı-satqısı ilə
məşğul olub: “Qohumum ev istəyirdi. Həmin binada ev satıldığını
eşitdim və qohumuma dedim. Qohum razılaşdı. Sonra məni Məzahirlə
tanış elədilər, dedilər ki, icra hakimiyyətində işləyir. Biz də
razılaşdıq, qohumum pulu verdi Məzahirə. Sonra Məzahir qohumumu
pasport qeydiyyatına saldı. Sonra 5 min verdik, ev növbəsinə
götürülməsi üçün Nərimanov rayon İcra Hakimiyyəti sərəncam verdi.
Sonra mən özüm üçün də xahiş elədim. 5 min manat verdim, mən də
sərəncam aldım. Sonradan dedilər ki, Məzahir qaçıb ölkədən”.

Zərərçəkmiş deyib ki, hazırda dəymiş ziyan ödənilib.

Baş prokurorluğun məlumatına görə, Nəsibov Məzahir Dursun
oğlunun qanunsuz əməlləri ilə əlaqədar aparılmış istintaq
tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işinin istintaqı aparılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Məzahir Nəsibovun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı
şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin
üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı
mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu bildirib,
vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən
mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə
paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan
məlumatların daxil edilməsi yolu ilə qeyd olunan birliyin üzvü
olmayan cəmi 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini
vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq
etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məzahir Nəsibova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli
miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə
ittiham elan edilib.

Teqlər: