Göyçədə son döyüşün gizlədilən detalları və real itkilər

Göyçədə son döyüşün gizlədilən detalları və real itkilər

Ermənistanın, sərhədin Zod istiqamətində (Göyçə mahalı) törətdiyi təxribatdan sonra başlanan toqquşma səngisə də, tam başa çatmayıb. Yeni təxribatların olacağı gözləntisi böyükdür, xüsusilə İrəvanın bu hücumda nail olmaq istədiyi hərbi və siyasi hədəflər fonunda bu ehtimal daha da artır.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, baş verən döyüşlərin detellarına diqqət çəkib.

İlk atəşi kim açıb?

Döyüşlər zamanı Azərbaycan Ordusu bir şəhid verdi, bir hərbçimiz yaralandı. Hərbçimizin başından ağır yaralanması diqqəti snayper atəşinin açılmasına yönəldir. Məlumatlara görə, təxribat hücumu gecə saatlarında baş verib və ordumuzun adekvat addımlarından sonra genişlənib.

Burada iki məqam xüsusilə diqqət çəkir:

Birincisi, son bir həftədə Ermənistan rəsmiləri və mediası Azərbaycanı Zod qızıl yatağının işinə mane törətməkdə ittiham edirdi: bu, əslində təxribat hücumuna və hücumdan sonra Bakını ittiham etməyə zəmin yaratmaq məqsədi daşıyıb;

İkincisi, qısa müddət ərzində həmin istiqamətdə ağır texnika, artilleriya qurğuları və çoxsaylı canlı qüvvə toplaya bildi: görünür, bu qüvvələr əvvəldən o bölgəyə yığılıb və hazır vəziyyətdə saxlanılıb;

İtkilər nə qədərdir?

Rəsmi məlumata görə, Azərbaycanın bir şəhidi, bir yaralısı var. Ermənistan tərəfi isə 4 yaralılarının olduğunu, onlardan ikisinin vəziyyətinin ağır olduğunu açıqlayıb. Lakin real itkilər fərqlidir:

– Erməni mənbələr 8 ölü, 12 yaralının olduğuna dair məlumatlar yaydı;

– Ordumuzun erməni mövqelərini məhv etdiyi görüntülər endirilən zərbələrdən sağ çıxmağın çətin olduğunu deməyə əsas verir;

Bu iki məqam Ermənistan tərəfinin itkilərinin rəsmi məlumatlardan çox olduğunu deməyə əsas verir.

Ermənistanın hədəfi nədir?

İrəvanın hədəfini iki kontekstdə qiymətləndirmək olar: siyasi və hərbi;

Siyasi hədəf: Vaşinqtonda sülhlə razılaşmayan İrəvanı qarşıda Brüssel və Moskvada çətin görüş gözləyir, hər iki format danışıqlarda konkret razılaşmaların olması ilə seçilir və növbəti görüşdə Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrası aktuallaşa bilər; sərhəddə təxribat hücumu ilə hərbi eskalasiya yaratmağa çalışan Ermənistan bu görüşlərin gündəliyini pozmaq, ümumilikdə prosesi arxa plana keçirmək niyyətindədir;

Hərbi hədəf: 44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan sərhədində əsas problemli istiqamət Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə – təxribatın olduğu Zod istiqaməti – qədərki xətt boyunca olub, cənubda – Zəngilandan Laçına qədər olan sərhəd xətti isə böyük ölçüdə müəyyənləşib; Ötən ay Laçın istiqamətində sərhədin müəyyən edilməsi prosesi başa çatdı, bununla İrəvan sərhəd məsələsində nail olmaq istədiyi hədəfdən bir qədər də uzaqlaşmış oldu, bu baxımdan, Zod istiqaməti Ermənistan üçün son şanslardan biridir; bu istiqamətdə irəliləmək istəyən İrəvan həm də danışıqlar masasında əlini gücləndirməyi planlaşdırır;

Təxribatların davamı ola bilərmi?

Ermənistanın siyasi və hərbi hədəfləri fonunda bu gözlənti aktualdır. Bununla yanaşı, ermənilərin bu istiqamətdə ağır texnika və canlı qüvvə toplaması da təxribat hücumlarının davamlı olacağı ehtimalını artırır. İstisna deyil ki, 14 mayda Brüsseldə, 19 mayda isə Moskvada keçiriləcək görüşlər zamanı ermənilər təxribat hücumlarını intensivləşdirsin. O da istisna deyil ki, təxribatlar təkcə bu istiqamətdə yox, diqqət yayındırmaq və masadakı gündəliyi pozmaq məqsədilə sərhədin digər istiqamətlərində də olsun.

Göyçə döyüşü: Əliyev hansı mesajı vermişdi?

Döyüşlərin baş verdiyi ərazi tarix baxımından da diqqət çəkir: Kəlbəcərin Söyüdlü kəndi ilə həmsərhəd olan Zod kəndini ermənilər Sotk adlandırır, bu ad 1995-ci ildə verilib. Kənd, ümumiyyətlə bu bölgə Azərbaycanın tarixi ərazisidir və həmin ərazilər 1921-ci ildə Ermənistana verilənə qədər Göyçə mahalı adlandırılıb.

Ötən ilin sentyabr ayında sərhəddə yenə Ermənistanın təxribatından sonra baş verən döyüşlərdə ordumuzun uğurla keçirdiyi Buğdadağ əməliyyatı nəticəsində Bala Göyçəyə nəzarət bərpa olundu. Prezident İlham Əliyev bu əməliyyatla bağlı açıqlamasında bildirib ki, 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib: “Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir”.

Ali Baş Komandan bununla Böyük Göyçə gölünə, ümumilikdə Göyçə mahalına nəzarətin bərpa oluna biləcəyinin də mesajını verdi. Zod istiqamətində baş verən döyüşlər Azərbaycan Ordusunun bu hədəfini gerçəkləşdirmək perspektivini də aktuallaşdırır, çünki sülhdən yayınan Ermənistan təxribatlardan əl çəkmir və belə görünür ki, problemin fundamental həlli tarixi torpaqlarımıza çıxmqdan keçir.

Teqlər: