Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən emal sahəsi aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün
mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində
tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, nəzarət
tədbirləri çərçivəsində Göyçay şəhər, H. Əliyev prospektində
yerləşən, fiziki şəxs Məmmədov Fazil Abbas oğluna məxsus “Seyidlər”
marketdə Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar
yoxlama zamanı marketdə fəaliyyət göstərən çörək, bulka və unlu
qənnadı məmulatlarının istehsalı sahəsində normativ hüquqi aktların
tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, emal
sahəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitariya
norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı,
mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı,
mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin tibbi
müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş
nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb
və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Teqlər: