Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi və Kənd
Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat
İnstitutu arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən
fəaliyyətlərin icrasına başlanılıb.
Belə ki, regionda aqrar sahədə ixtisaslı kadrların hazırlanması
məqsədilə “Meyvəçilik və bağçılıq üzrə aqronom (kiçik aqronom)”
mütəxəssisi peşə ixtisası üzrə kursların təşkilinə başlanılıb.
İlkin mərhələdə kursa cəlb edilmək üçün 13 müdavim seçilib. Onlara
2 ay müddətində yeni hazırlanmış təlim modulundan istifadə
edilməklə dərslər keçiriləcək. Kursu uğurla bitirən şəxslər sonda
Göyçay Dayaq Məntəqəsində işlə təmin olunacaqlar.
Eyni zamanda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə
əməkdaşlıq çərçivəsində Göyçay Peşə Hazırlığı Mərkəzi tərəfindən
həmin Dayaq Məntəqəsində meyvə tingləri, nümayiş meyvə bağları
salınacaq, meyvə yetişdirilmə istixanası hazırlanacaq, eləcə də Yay
Təlim Mərkəzinin yaradılması üçün işlər görüləcək. Həmçinin Dayaq
Məntəqəsinin təlim-təcrübə sahəsində aqroturizmin inkişaf
etdirilməsi üçün müəyyən fəaliyyətlər icra ediləcək.
Qeyd edilən istiqamətlər üzrə artıq ilkin işlərə start verilib.
Agentliyin, İnstitutun nümayəndələri və müdavimlərin iştirakı ilə
yeni tinglərin əkilməsi təmin edilib.