Son günlər mövsümlə əlaqədar çinar ağaclarının yarpaqlarının kütləvi tökülməsi baş verir. Xəzəl və digər məişət tullantılarının qrafikə uyğun olaraq gün ərzində toplanıb daşınmasında xüsusi təyinatlı nəqliyyat vasitələrinin istismar müddəti bitdiyindən müəyyən çətinliklər yaranmışdır.
Bu barədə AzerTimes-a Göyçay Rayon İcra Hakimiyyəti məlumat verib.
“Toplanmış xəzəl və digər tullantıların gün ərzində daşınmasını təmin etmək üçün Şəhər Təsərrüfatı Birliyi tərəfindən əlavə işçi qüvvəsi cəlb edilmişdir. Mövcud problem məlumdur və nəzarətdədir. Yeni xüsusi təyinatlı nəqliyyat vasitələrinin ayrılması ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılır.
Həmçinin bildiririk ki, şəhər ərazisində hər gün müəyyən edilmiş qrafikə uyğun olaraq gecə saatlarında məişət tullantılarının götürülməsi təmin edilir. Lakin aparılan təmizlik işlərinə baxmayaraq, vətəndaşlar tullantıları müəyyən edilməmiş əraziyə atırlar”, – məlumatda deyilir.
Qeyd edək ki, Göyçay sakinləri şəhərdə zibillərin daşınmadığı barədə redaksiyamıza görüntü göndərib.