Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Birinci Fəxri xiyabana gedərək görkəmli hərbi və ictimai-siyasi xadim Akim Əli oğlu Abbasovun məzarını ziyarət edib və qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyublar.

Nazirlikdən AzerTimes-a bildirilib ki, general-mayor A.Ə.Abbasovun xatirəsi ehtiramla yad edilib, onun nəsillərə örnək olan mənalı ömür və döyüş yolu barədə ətraflı məlumat verilib.

Nəzərə çatdırılıb ki, Akim Abbasov 1911-ci il mayın 25-də Naxçıvan Muxtar Respublikasının Nəzərabad (Dəmirzindan) kəndində anadan olub. Valideynlərini erkən itirdikdən sonra uşaq evində tərbiyə alıb və gənc yaşlarından taleyini hərbi peşəyə həsr edib. O, Zaqafqaziya hərbi hazırlıq məktəbini, Zaqafqaziya Quru Qoşunları hərbi kursunu bitirib. 77-ci diviziyada dağ-atıcı taqım, dağ-atıcı alay komandiri, diviziyanın əməliyyat şöbəsi və qərargahının rəisi vəzifələrində xidmət edib.

Böyük Vətən müharibəsinin ilk günlərindən Cənub-Qərb cəbhəsində döyüşlərə qatılıb, xüsusilə Donbas yaxınlığında özünü gorxmaz, igid və şücaətli qəhrəman kimi göstərib. Qafqazın müdafiəsində 402-ci Azərbaycan atıcı diviziyasının alay komandiri kimi fərqlənib və qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib. Cənub, Cənubi-Qərb, Şimali Qafqaz və başqa cəbhələrdə Akim Abbasovun komandanlıq etdiyi hərbi hissələrin döyüşçüləri düşmənə ağır itkilər verib.

1942-ci ildə “Qızıl Əsgər” qəzeti Ukrayna cəbhəsindən yazırdı: “Abbasov yoldaşın hissəsi bir neçə gün ərzində 34 kilometr irəliləmişdir. 4 yaşayış məntəqəsini, 2 müqavimət məntəqəsini düşməndən azad etmiş, almanların 79 tankını, 3 avtomobilini, 2 radiostansiyasını məhv etmişdir”. Bu kimi materiallar yüzlərlədir.
Müharibədən sonra M.V.Frunze adına Hərbi Akademiyanı fərqlənmə diplomu ilə bitirib, 1957-ci ildə ona “general-mayor” ali hərbi rütbəsi verilib və bu rütbədə 12 ildən çox diviziyalara komandirlik edib.

İstefaya buraxıldıqdan sonra Avtomobil Nəqliyyatı nazirinin müavini, Azərbaycan Respublikası Sülhü Müdafiə Komitəsində məsul katib, Bakı Müharibə Veteranları Komitəsinin sədri vəzifələrində çalışıb, üç çağırış respublika Ali Sovetinə deputat seçilib. Onun döyüş rəşadəti və əmək xidmətləri 2 “Qırmızı Bayraq”, 2 “Qırmızı Ulduz”, 1-ci dərəcəli “Böyük Vətən müharibəsi”, “Şərəf nişanı” ordenləri və çoxlu medallarla qiymətləndirilib.

Müdafiə Nazirliyinin İdarə rəisi general-mayor Rasim Əliyev bu gün xalqımızın general oğlu Akim Abbasovun məzarını qalib ölkənin vətəndaşı, qalib ordunun zabiti kimi ziyarətə gəldiklərindən qürurla danışaraq deyib: “2020-ci ilin sentyabr ayının 27-də “Dəmir Yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə çaldı, tarixi torpaqlarımız işğaldan azad olundu, respublikamızın ərazi bütövlüyü bərpa edildi. Bütün bunlara görə qəhrəman ata-babalarımıza, qalibiyyət yürüşündə bizə örnək olan, zəfər yolumuza nur saçan igid sərkərdələrimizə borcluyuq. Ataların yolu oğulların yoludur və biz ata-babalarımızın qəhrəmanlıq ənənələrini bundan sonra da uğurla davam etdirəcək, müdrik Prezidentimizin, yenilməz və qətiyyətli Ali Baş Komandanımızın əmrlərinə hər an hazır olacağıq”.


General-mayor A.Abbasov haqqında bir neçə kitabın müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani igid sərkərdə haqqında xatirələrini bölüşüb: “1975-ci ildən generalı tanıyırdım. Vətənpərvər, xeyirxah bir ağsaqqal idi. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində yaxından iştirak edərdi. Son dərəcə nikbin və həyatsevər idi. Ancaq 1990-cı illərin əvvələrində ölkədəki özbaşınalıq, Bakıda baş verən qarşıdurmalar, vətəndaş itaətsizliyi səbəbindən general böyük narahatçılıq hissi keçirərdi.

Erməni faşistlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşiliklər, soyqırımı xəbəri onu daha da sarsıtmışdı. Ertəsi gün o, sədri olduğu Bakı Müharibə Veteranları Komitəsinə gələrək veteranlarla görüşür, SSRİ Sülhü Müdafiə Komitəsinin sədri, dünyaşöhrətli şahmatçı Anatoliy Karpova telefon açaraq qəzəblə tələb edir ki, Qarabağ məsələsində o da mövqeyini bildirsin, haqq-ədaləti müdafiə etsin. Moskvada oturanları başa salsın ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Bu xalqın heç kimin torpağında gözü olmayıb. İndiki Ermənistan dövlətinin qurulduğu ərazilər də qədim Azərbaycan torpaqlarıdır.

Həmin vaxt Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bunyadov da generalın razılığı ilə Karpova bir neçə tutarlı söz deyir ki, yuxarıdakılara – ermənilərə rəvac verənlərə çatdırsın.
Nəinki azərbaycanlılara, eyni zamanda insanlığa, bütün bəşəriyyətə qarşı törədilmiş bu faciəyə dözməyən general fevralın 27-də səhər saatlarında “Səbr etmək kifayətdir, hamı bir amal uğrunda birləşsin, qeyrət qılıncları qınından çıxsın. Vətənimiz təhlükədədir, gətirin mənim qılıncımı, mənim də atımı yəhərləyin. Erməni nə karədir ki…”,- deyərək dünyasını dəyişib”.

Görkəmli hərbi xadimin ölümündən xəbər tutan ulu öndər Heydər Əliyev Naxçıvan ziyalılarından və ağsaqqallarından ibarət nümayəndə heyətini onun dəfnində iştirak etmək üçün Bakıya göndərir və ailəsinə sonsuz kədər hissi ilə başsağlığı verir.
A.Qurbani qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev A.Abbasovun xidmətlərini həmişə yüksək qiymətləndirər və onun Azərbaycanın hərb tarixində müstəsna yeri olduğunu dəfələrlə qeyd edərdi. Heydər Əliyevə görə, atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır. Bizim Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov və başqaları kimi generallarımız, sərkərdələrimiz olubdur. Bunlar bizim tariximizdir. Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın səlnaməsi, həyat yoludur.

Məlumat üçün bildiririk ki, bu ilin may ayının 25-də unudulmaz sərkərdənin anadan olmasının 110 ili tamam olacaqdır.

Teqlər: