Goranboy rayonunda kişi keçmiş həyat yoldaşını qətlə
yetirib.
Goranboy Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
martın 24-də saat 14 radələrində 1985-ci il təvəllüdlü Məmmədova
Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna
məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin
iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri
cinayət-prosessual hərəkətlər icra edilib.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il
təvəllüdlü Mehman Süleymanov idarə etdiyi «Land Rover Discovery»
markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli
şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti
ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub,
daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə
kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan
götürülüb.
Müdafiəçinin iştirakı ilə dindirilən zaman Mehman Süleymanov
törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə istintaq davam etdirilir.