Goranboy Suvarma Sistemləri İdarəsində çilingər faciəli şəkildə ölüb

Xəbər - Samir Əli – Trend:

Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri bədbəxt hadisə
nəticəsində dünyasını dəyişib.

Goranboy rayon prokurorluğundan AzerTimes-a verilən məlumatda
bildirilir ki, fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud
Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy
Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud
Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri
aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət almış və
aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada
ölüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma
ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə
cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir

Teqlər: