Göndərişlərin verilməsi qaydası dəyişdi

Göndərişlərin verilməsi qaydası dəyişdi

Agentlik tərəfindən vətəndaşlara göndərişlərin verilməsi qaydasında dəyişiklik edilib. Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir.

AzerTimes xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, məsələn, əvvəlki qaydaya görə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən (məsələn, Mingəçevir) həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndərilirdi:

“Hazırkı qaydaya görə isə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən (pasiyentin seçiminə əsasən məsələn, Şəkidəki) Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir.

Yəni əvvəlki qaydadan əsas fərqi və üstünlüyü ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir”.

Teqlər: