Gömrükçülər tərəfindən daha bir fakt üzrə narkotik
qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə
Bolqarıstan Respublikasına PVC xammalı yükü aparan, İran İslam
Respublikası vətəndaşının idarə etdiyi 63AA195/63AA196 dövlət nömrə
nişanlı “Scania” markalı nəqliyyat vasitəsinə Culfa dövlət
sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış
keçirilib və bu zaman nəqliyyat vasitəsinin yanacaq çənində şübhəli
təsvirlər müəyyən edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin
sürücü tərəfində olan yanacaq çənində süni olaraq hazırlanmış,
aşkarlanması xüsusilə çətinləşdirilmiş üçhissəli gizli saxlanc
yerindən, ümumilikdə 113 bağlamada, xalis çəkisi 97 kiloqram 800
qram olan narkotik vasitə – heroin aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, faktla
bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 206-cı maddəsinə (qaçaqmalçılıq) uyğun olaraq cinayət
işi başlanılıb.