Gömrük orqanlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib (FOTO)

Azərbaycandan tranzit keçməklə Gürcüstan, Türkiyə marşrutu ilə
hərəkət edən yük nəqliyyat vasitələrinin gömrük-keçid
məntəqələrində yaranan sıxlıqlarının aradan qaldırılması məqsədilə
mayın 12-də gömrük orqanlarının nümayəndələri arasında üçtərəfli
görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Türkiyə
Respublikası ilə Gürcüstan arasındakı Sarp gömrük-keçid
məntəqəsində keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl
Hüseynov, Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru
Cavad Qasımov, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz
İsmayılzadə, Türkiyə Respublikası Kaşqar Ticarət və Gömrük bölgə
müdiri Rəcəp Bilgiç, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər
Xidmətinin Gömrük departamentinin rəhbəri Zurab Siçinava iştirak
ediblər. Görüşdə hər üç ölkə arasında müxtəlif sahələrdə qurulan
strateji əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib,
beynəlxalq tranzitin inkişafı, regiondan keçən nəqliyyat
dəhlizlərinin cəlbediciliyinin artırılması məqsədilə birgə
fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Son dövrdə hər 3 ölkənin ərazisindən tranzit qaydada keçən
nəqliyyat vasitələrinin sayının kəskin şəkildə artdığı bildirilib
və sərhədkeçmə proseslərinin sürətləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb.

O da qeyd olunub ki, Türkiyə Respublikasının Hopa rayonu
yaxınlığında inşa olunan yeni terminal avtomobil axınının daha da
sürətli hərəkətinə şərait yaradacaq. Eyni zamanda,
Türkiyə-Gürcüstan sərhədindəki Türkgözü gömrük-keçid məntəqəsində
aparılan yenidənqurma işlərinin qısa zaman kəsiyində
yekunlaşdırılacağı, bununla da sərhədkeçmə proeslərinin
sürətlənəcəyi və sıxlıqların aradan qaldırılacağı bildirilib.
Bundan başqa avtomobillərin sıxlığının aradan qaldırılması
məqsədilə Sarp gömrük-keçid məntəqəsindən nəqliyyat vasitələrinin
Gürcüstan-Türkiyə sərhədindəki Karçaxi-Aktaş müqabil gömrük-keçid
məntəqələrinə yönləndirilməsinə qərar verilib.

Teqlər: