Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində
keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi
üzrə məhkəmə istintaqı başa çatıb.
AzerTimes-ın məlumatına görə, Əli Məmmədovun sədrliyi ilə keçirilən
prosesdə çıxış üçün dövlət ittihamçısına söz verilib.
Prokuror çıxışdan imtina edərək məhkəmə istintaqının
yenilənməsini tələb edib.
Dövlət ittihamçısı bildirib ki, Baş Prokurorluq yanında Korrupsiya
qarşı Mübarizə İdarəsinə yeni əsasnamə daxil olub. Həmin əsasnamə
ilə cinayət işinin içində olan əsasnamə arasında ziddiyyətlər
var.
Həmin ziddiyətləri nəzərə alaraq istintaq yekunlaşa bilməz.
Bundan sonra məhkəmədə qalmaqal yaranıb. Vəkillər Ceyhun
Yusifov, Aqil Layıc, Hikmət Əliyev, Elnur Vəliyev və digərləri
vəsatətə etiraz ediblər.
Vəkil Ceyhun Yusifov dövlət ittihamçısının qaldırdığı vəsatətin
təqsirləndirilən şəxslərin hüquqlarını pozulması kimi
qiymətləndirib.
“Belə çıxır ki, ittihamçı özü-özündən şübhələnir. Bu insanlar
yazıqdırlar, 6 aydan çoxdur məhkəmə istintaqı gedir, amma prokuror
iş başa çatanda vəsatət verir. Vəsatət tam əsassızdır və təmin
edilməsi hüquqaziddir”, – deyə vəkil bildirib.
Vəkil Aqil Layıc deyib ki, məhkəməyə təqdim olunan əsasnamə
Dövlət Gömrük Komitəsi tərəfindən müşayiət məktubu ilə təqdim
olunub: “Həmçinin, komitə nümayəndəsi prokuror tərəfindən təqdim
olunan əsasnaməni ilk dəfə gördüyünü deyir. İttihamçı tərəfindən
təqdim olunan əsasnamənin mötəbərliyi şübhə doğurur və nəticədə bu
məsələyə məhkəmə müşavirə otağında qiymət verəcək. Buna görə də
istintaqın təzələnməsinə etiraz edirəm”.
Prosesdə təqsirləndirilən şəxslər də prokurora etiraz edib və
məhkəmədə qalmaqal yaranıb.
Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi də prokuror tərəfindən
təqdim olunan əsasnaməni ilk dəfə gördüyünü deyib.
Məhkəmə son qərar olaraq Bakı Baş Dövlət Gömrük İdarəsinin
əməkdaşından sözügedən əsasnamənin doğru, ya yalan olması ilə bağlı
yazılı müraciət gətirməyi göstəriş verərək prosesin təxirə
salındığını elan edib.
Proses martın 7-nə kimi təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Sadiq İsgəndərov, Azər
Baxşyev, Ceyhun Şabanov, Mirağa Ağayev, Emin Xəlilov və Elmar
Mirzəyev
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi
əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar.
Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək
barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma)
maddəsi ilə cinayət işi başlanılıb.