Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat pilləsində təhsil alan beş tələbəsi – “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə II kurs tələbəsi Abasov Cəlal Murad oğlu, “İqtisadiyyat” ixtisası üzrə II kurs tələbələri Abdullayeva Mənsurə Ramil qızı və Məlikzadə Şəfa İlham qızı, “Hüquqşünaslıq ixtisası” üzrə II kurs tələbələri Bayramov Mahmud Xəyyam oğlu və Qarayev Sübhan Lazım oğlu 2021/2022-ci tədris ilində Çinin Şanxay Gömrük Kollecinin beynəlxalq təqaüdünü qazanıblar. Üç aylıq beynəlxalq onlayn proqramda təhsil alan tələbələr Akademiya tərəfindən aparılmış müsabiqə əsasında seçiliblər. Tələbələrin seçilməsi akademik potensial və nailiyyətlər, ingilis dili bilikləri, xarici mühitdə ünsiyyət bacarıqları, gender balansı kimi meyarlar əsasında həyata keçirilib.
Cari ilin 13 sentyabr-25 dekabr müddətini əhatə edən beynəlxalq təhsil proqramına səkkiz fənn – beynəlxalq gömrük idarəetməsi, tarif texnologiyaları, müasir logistika, sərhədlərarası elektron ticarət hüququ, Çin dili, Çin gömrük idarəçiliyi, mədəniyyətlərarası biznes ünsiyyəti, iqtisadiyyatın prinsipləri daxildir. Proqram “VooV” platforması vasitəsilə tədris olunur. Tələbələrin onlayn ünsiyyəti, fikir mübadilələri, birgə qrup işləri və digər tapşırıqları “WeChat” proqramı vasitəsilə aparılır. Tələbələrin cari tədris semestrində həmin proqramda iştirakının asanlaşdırılması üçün Akademiya tərəfindən müvafiq mexanizmlər müəyyənləşdirilib.
Proqramı müvəffəqiyyətlə bitirən tələbələr sertifikatlarla təltif olunacaqlar.
Əsası 1908-ci ildə qoyulmuş Şanxay Gömrük Kolleci Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının təlim qurumu, “Bir kəmər, bir yol” təşəbbüsündə Çin gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurum, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzidir.
Qeyd edək ki, Gömrük Akademiyası Covid-19 pandemiyası müddətində həm tələbələr, həm də gömrük xidməti orqanlarının əməkdaşları üçün qlobal virtual/distant təhsil imkanlarını təşkil edib. Şanxay Gömrük Kolleci ilə əməkdaşlıq çərçivəsində Akademiyanın tələbələr üçün təşkil etdiyi və xarici gömrük təlim qurumunun icra etdiyi ilk uzunmüddətli beynəlxalq distant/onlayn təhsil imkanıdır. Akademiyanın beynəlxalq əməkdaşlığı vasitəsilə bu cür proqramlara tələbələrin çıxışını genişləndirməsi nəzərdə tutulur.