Dövlət Gömrük Komitəsinin Akademiyasında Seneqal Respublikası
Baş Gömrük İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə
görüş keçirilib. Hər iki ölkə arasında gömrük sahəsində
əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil edilən görüşdə
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov,
Akademiyanın əməkdaşları, Gömrük Nəzarətinin Təşkili və Ticarətin
Asanlaşdırılması Baş İdarəsinin rəisi Kənan Məmmədov, Beynəlxalq
Əməkdaşlıq İdarəsinin rəis müavini Kamran Cabbarlı, Seneqal
Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə
direktoru Mbaye Ndiaye və nümayəndə heyəti iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov
qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil ocağında
görməkdən məmnun olduğunu bildirib. Akademiya rəisi gömrük işinin
təşkili istiqamətində iki ölkə arasında mövcud olan əlaqələrdən
bəhs edərək, təhsil sahəsində əməkdaşlığın önəmini xüsusi olaraq
vurğulayıb. O, Akademiyanın müxtəlif istiqamətlər üzrə gömrük
orqanları üçün peşəkar kadrlar hazırlayan yeganə xüsusi təyinatlı
ali təhsil müəssisəsi olduğunu qeyd edərək, Akademiyada innovativ
və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən tədris
prosesi haqqında qonaqlara ətraflı məlumat verib.
Akademiya rəisi həmçinin ölkəmizin milli təhlükəsizliyinin
qorunması istiqamətində gömrük orqanlarının səmərəli xidmətini
diqqətə çatdıraraq, bu istiqamətdə gömrük əməkdaşlarının peşəkar
hazırlığının önəmini xüsusilə vurğulayıb. Çıxışının sonunda Qulu
Novruzov gömrük sahəsinin daha da inkişaf etdirilməsi üzrə iki ölkə
arasında gələcəkdə akademik sahədə faydalı əməkdaşlığa hazır
olduğunu qeyd edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu
bildirən Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük
əməliyyatları üzrə direktoru Mbaye Ndiaye səmimi qonaqpərvərliyə
görə Akademiya rəhbərliyinə öz təşəkkürünü bildirib. O, gömrük
orqanlarının peşəkar kadrlarla təmin edilməsi istiqamətində
Akademiyanın səmərəli fəaliyyətini yüksək qiymətləndirərək,
Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi
və tətbiqində maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonra Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə
koordinatoru Elvin Mecidov Akademiyanın fəaliyyəti, beynəlxalq
əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil
müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq
qurumlarla əlaqələr və layihələr, eləcə də gömrük xidmətində kadr
potensialının gücləndirilməsi istiqamətində Seneqal qurumları ilə
yaradıla biləcək təlim əməkdaşlığı haqqında geniş təqdimatla çıxış
edib.
Sonda simvolik hədiyyələr təqdim olunub.
Görüşün rəsmi hissəsindən sonra qonaqlar Akademiyada
təhsilalanlar və ixtisartırma kurslarında iştirak edən gömrük
xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan
linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin
olunmuş auditoriyalarla və tədris prosesi ilə yaxından tanış
olublar.