Gömrük Akademiyasında Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May – Müstəqillik
Gününə həsr olunmuş “Tariximizin şanlı səhifəsi” adlı tədbir
keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları,
tələbələri və millət vəkili AMEA-nın Qafqazşünaslıq İnstitutunun
direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı iştirak
ediblər.

Tədbirdə ilk öncə respublikamızın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov
tədbirdə giriş nitqi ilə çıxış edərək xalqımızın azadlıq və
müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28
May-Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edib. 104 il
əvvəl olduqca mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə müstəqil
Azərbaycan dövlətinin yaradılmasından danışan Q.Novruzov bu
əlamətdar tarixi hadisə ilə bağlı hər bir azərbaycanlının qürur
hissi keçirdiyini bildirib. XX əsrin əvvəllərində əldə edilmiş
müstəqilliyin ömrünün qısamüddətli olmasına baxmayaraq, görülən
işlərin müasir, qüdrətli Azərbaycanın yaranmasına zəmin
hazırladığını qeyd edən Akademiya rəisi həmin dövrü yeni
tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndirib. Yenidən
müstəqilliyə qovuşduqdan sonra ölkəmizin Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Q.Novruzov
hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini qeyd edib. Akademiya rəisi həmçinin 44 günlük Vətən
Müharibəsində qazanılan tarixi zəfərdən sonra Azərbaycanın artıq
regionda yeni geosiyasi reallıqlar yaradan dövlətə çevrildiyini
diqqətə çatdırıb.

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanının
Vətənimizin inkişafı üçün başlıca şərt olduğunu vurğulayan Qulu
Novruzov Azərbaycan xalqının rifahının, əmin-amanlığının davamlı
olmasını arzu edərək bu əlamətdar gün münasibətilə tədbir
iştirakçılarına öz təbriklərini çatdırıb.

Daha sonra tədbirdə məruzəçi qismində çıxış edən millət vəkili,
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri
doktoru, professor Musa Qasımlı Şərqdə ilk dünyəvi demokratik
dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər
salaraq qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət
quruculuğu prosesində həyata keçirilən tədbirlər barəsində danışıb.
Musa Qasımlı çıxışında ölkəmizin müasir müstəqillik dövrünün
keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna
xidmətlərini də xüsusilə vurğulayıb. Ulu Öndərin siyasətinin
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət
çəkən M.Qasımlı ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafı,
Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi
tanınması, hərtərəfli inkişaf strategiyası və onun təsirləri
barəsində də ətraflı bəhs edib.

Azərbaycan xalqının artıq iki ildir ki, Müstəqillik Gününü daha
qürurlu şəkildə, qalib xalq kimi qeyd etdiyini deyən millət vəkili
ərazi bütövlüyü bərpa olunan müstəqil dövlətimizin, bu gün
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tarixdə özünün ən güclü
dövrünü yaşadığını söyləyib. Çıxışının sonunda Musa Qasımlı
Akademiyada yaradılan şəraiti yüksək qiymətləndirərək gənclərə
vətənpərvərlik ruhunun aşılanması istiqamətində keçirilən bu cür
tədbirlərin davamlı olmasını arzu edib və təbdir iştirakçılarını bu
əlamətdar gün münasibətilə ürəkdən təbrik edib.

Tədbirdə həmçinin 28 May – Respublika Gününə həsr edilmiş
videoçarx nümayiş olunub.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Teqlər: