Gömrük Akademiyasında “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı” mövzusunda seminar keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil edilən
silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan
iqtisadiyyatının inkişafı” mövzusunda seminar keçirilib. Dövlət
Gömrük Komitəsinin Akademiyasının rəhbərliyinin, əməkdaşlarının və
tələbələrinin iştirakı ilə keçirilən seminar Milli Məclisin
deputatı, görkəmli iqtisadçı, dövlət və ictimai-siyasi xadim,
akademik Ziyad Səmədzadə tərəfindən təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, gömrük xidməti
general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq
Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği
məqsədilə təşkil edilən seminarın əhəmiyyətindən danışıb. Qulu
Novruzov akademik Ziyad Səmədzadənin iqtisadiyyat elminin
inkişafındakı müstəsna xidmətlərindən söz açaraq, keçirilən
tədbirin Akademiyada iqtisadçı kadrların hazırlanması, onların bu
sahədə bilik və bacarıqlarının artırılması istiqamətindəki vacib
rolunu vurğulayıb. Akademiya rəisi həmçinin görkəmli alim Ziyad
Səmədzadənin 44 günlük Vətən Müharibəsində işğaldan azad edilmiş
ərazilərin dirçəldilməsi, bərpa və yenidənqurma işlərinin
aparılması istiqamətində öz elmi tədqiqatları və araşdırmaları ilə
yaxından iştirakını xüsusilə qeyd edib.

Seminarda məruzəçi qismində çıxış edən akademik Ziyad Səmədzadə
Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində
Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz
açıb. Ziyad Səmədzadə zəngin dövlətçilik təcrübəsinə malik olan
Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdıqdan
sonra respublikanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın
tarixi-iqtisadi xüsusiyyətlərinə, milli mənafelərinə uyğun inkişaf
strategiyası hazırladığını, iqtisadi islahatların aparılmasını
prioritet vəzifələr kimi müəyyən etdiyini qeyd edib. O, Ümummilli
liderin gömrük xidmətinin qurulmasında verdiyi töhfələrdən, gömrük
sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsindəki
rolundan söz açaraq, gömrük xidmətini Azərbaycanın dövlət
müstəqilliyinin atributlarından biri kimi səciyyələndirdiyini
diqqətə çatdırıb.

Ziyad Səmədzadə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun
qorunub saxlanılması, Azərbaycanda ayrı-ayrı sahələrin inkişafında
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və strategiyanın onun
layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini qeyd edib.

Tədbirdə müzakirə edilən sahələr ətrafında tələbələrin sualları
cavablandırılıb.
Daha sonra Ziyad Səmədzadə müəllifi olduğu “Azərbaycan
iqtisadiyyatı 100 ildə” adlı 5-cildlik əsərini Akademiyanın
kitabxanasına təqdim edib.

Sonda Qulu Novruzov öz dəyərli fikirlərini, zəngin təcrübəsini
tədbir iştirakçıları ilə bölüşdüyünə görə akademik Ziyad
Səmədzadəyə dərin minnətdarlığını bildirərək bu cür əhəmiyyətli
tədbirlərin gələcəkdə də davamlı olmasını arzu edib.

Teqlər: