Fevralın 22-də Dövlət Gömrük Komitəsinin Akademiyasında
Akademiyanın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət
göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə 26
fevral-Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Erməni
zindanında 8 gün” adlı tədbir keçirilib. Xocalı dəhşətinin canlı
şahidi Dürdanə Ağayevanın qonaq kimi dəvət olunduğu tədbirdə
Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri ilə yanaşı
ATGTİ-nin nümayəndələri iştirak ediblər. Tədbirdə ilk öncə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş,
Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı həqiqətlərinin tələbə gənclərə çatdırılması baxımından
mühüm əhəmiyyət kəsb edən tədbirdə giriş nitqi ilə çıxış edən
Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam
Hüseynov Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Akademiyada
keçirilən tədbirlərdən söz açmışdır. İslam Hüseynov faciənin
tarixinə qısa nəzər salaraq qan yaddaşımıza çevrilən Xocalı
soyqırımının təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən
dəhşətli faciələrindən biri olduğunu vurğulayıb. O, faciə
qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşına əbədi həkk
olunduğunu bildirib.
Daha sonra Xocalıda ermənilərin törətdikləri faciənin canlı
şahidi olan Dürdanə Ağayeva çıxış edərək dəvətə görə Akademiya
rəhbərliyinə təşəkkür etmişdir. Səkkiz gün erməni əsirliyində
ağlasığmaz işgəncələrə məruz qalan Dürdanə Ağayeva Xocalı sakini
kimi şahidi olduğu erməni vəhşiliyi və vandalizmi, xüsusi
amansızlıqla törədilmiş soyqırımı cinayəti ilə bağlı xatirələrini
tədbir iştirakçıları ilə bölüşmüşdür. D.Ağayeva Xocalı soyqırımı
ilə bağlı yazdığı “Erməni zindanında 8 gün” adlı kitabdan da ürək
göynədən faktlar misal gətirərək, yüz illər ötsə də, mənfur
ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin
nəticələrinin unudulmayacağını qeyd edib. O, Cənab Prezidentin
rəhbərliyi ilə Azərbaycanın mərd oğulları səyəsində 44 günlük Vətən
müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının
yerdə qalmadığını qürürla ifadə edib.
Tədbirin davamında Dürdanə Ağayeva bölüşdüyü ürəkparçalayan
xatirələr ilə bağlı tədbir iştirakçılarının ona ünvanladıqları
sualları cavablandırıb.
Daha sonra Akademiya rəisi Qulu Novruzov çıxış edərək dəvəti
qəbul etdiyinə və 30 il öncə yaşanmış qanlı faciənin
təəssüratlarını ağrılı olsa da, tədbir iştirakçıları ilə
bölüşdüyünə görə Dürdanə Ağayevaya öz təşəkkürünü bildirmişdir.
Ermənilərin faşist xislətlərindən irəli gələn məkrli və təcavüzkar
siyasətindən bəhs edərək, əlverişli strateji və coğrafi mövqedə
olan Xocalıda və digər yaşayış məntəqələrimizdə törədilən
cinayətlərin insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq
nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunduğunu qeyd
etmişdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi
Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində Xocalı
qatillərinin əksəriyyətinin rəşadətli Azərbaycan əsgəri tərəfindən
məhv edildiyini bildirən Q.Novruzov bu gün Xocalı qurbanlarının
ruhunun şad olduğuna əminliyini ifadə etmişdir. Akademiya rəisi
çıxışının sonunda soyqırımı qurbanlarına və vətən uğrunda canını
fəda etmiş oğullarımıza Allahdan rəhmət diləyib.
Tədbirin sonunda Dürdanə Ağayeva Xocalı hadisələrini özündə əks
etdirən müəllifi olduğu “Erməni zindanında 8 gün” və “Yarımçıq
qalmış ömür” adlı kitabları Akademiyanın kitabxanasına hədiyyə
edib.