Gömrük Akademiyası və Ege Universitetinin birgə təşkilatçılığı ilə simpozium keçirilib (FOTO)

12-13 may tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyasının
(DGKA) və Türkiyənin Ege Universitetinin (EÜ) Türk Dünyası
Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Soyuq
müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf
kontekstində Cənubi Qafqaz” mövzusunda II beynəlxalq simpozium
keçirilib. Onlayn formatda seksiyalarla iki gün davam edən
simpoziuma hər iki ali təhsil müəssisəsinin nümayəndələri ilə
yanaşı Özbəkistan, Gürcüstan, Rusiya və Ukraynadan da
alim-tədqiqatçılar qatılıblar.

Tədbirin əvvəlində Azərbaycanın və Türkiyənin vətən uğrunda
canlarını fəda etmiş şəhidlərinin ruhu bir dəqiqəlik sükütla yad
edilib və hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Cənubi Qafqazda baş verən son hadisələrə nəzər yetirilməsi və
problemlərin elmi platformada həlli məqsədilə təşkil edilən
simpoziumda açılış nitqi ilə çıxış edən Ege Universitetinin
İqtisadiyyat və İdarəetmə fakültəsinin Beynəlxalq əlaqələr
kafedrasının müəllimi, professor Aydın İbrahimov iştirakçıları
salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. Aydın
İbrahimov SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda beynəlxalq
paradiqmaların köklü şəkildə dəyişildiyini qeyd edərək, Azərbaycan
və Türkiyə arasında münasibətlərin yeni mərhələsinin məhz 1991-ci
ildən sonra başladığını vurğulayıb. O, bölgədəki gərginliyi artıran
faktorlara nəzər salaraq 44 günlük müharibədə Azərbaycanın möhtəşəm
Qələbəsinin Cənubi Qafqazda yeni reallıqlar yaratdığını və regionda
fərqli mərhələnin başlamasına səbəb olduğunu diqqətə çatdırıb.
Sonda A.İbrahimov keçirilən tədbirin elm dünyası üçün geniş töhfə
verəcəyinə əminliyini vurğulayaraq, tədbirin təşkilində əməyi keçən
hər kəsə təşəkkür edib.

Daha sonra Ege Universitetinin Türk Dünyası Araşdırmaları
İnstitutunun Sosial İqtisadiyyat və Siyasi əlaqələr kafedrasının
müdiri prof. Vefa Kurban və Ege Universitetinin rektorunun
köməkçisi prof. Mehmet Ersoy çıxış edərək Cənubi Qafqazın geosiyasi
rolunun istər potensialına, istərsə də geostrateji mövqeyinə görə
unikal əhəmiyyətə malik olduğunu, bölgənin tarixən siyasi, dini və
mədəni münaqişələrin və mübarizənin sahəsi olduğunu qeyd
ediblər.

Tədbirin açılış hissəsində çıxış edən Akademiyanın rəisi, gömrük
xidməti general-mayoru Qulu Novruzov keçirilən tədbirin Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsinə
təsadüf etdiyini diqqətə çatdıraraq təşkil edilən simpoziumun Ege
Universiteti ilə yeni əməkdaşlıq əlaqələrinin inkişafına töhfə
verəcəyini qeyd edib. Qulu Novruzov XX əsrin sonlarında süni
surətdə yaradılmış, beynəlxalq hüquqa zidd formada ortaya atılmış
Qarabağ münaqişəsinin tarixi, gedişatı, bu münaqişəyə Qərb
dövlətlərinin ikili standartlarla yanaşması, beynəlxalq hüquqdakı
boşluqlar və digər məsələlər barədə danışıb.

Akademiya rəisi 44 günlük Vətən müharibəsi ilə haqqın və
ədalətin bərpa olunduğunu, Müzəffər Ali Baş Komandan Prezident
İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın canı-qanı
bahasına qazandığımız bu şanlı Zəfərin təkcə Azərbaycanda deyil,
ümumiyyətlə bütün türk dünyasında milli kimliyin və həmrəyliyin
güclənməsinə səbəb olduğunu vurğulayıb. O, həmçinin müasir
dövrümüzdə elm və texnologiyanın inkişafının vacib rolunu qeyd
edərək ölkəmizdə ordu quruculuğu istiqamətində uzun illər ərzində
görülmüş məqsədyönlü işlər, ordumuzun ən müasir silah-sursatla,
hərbi texnikalarla təmin edilməsinin 44 günlük Vətən müharibəsi
zamanı döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsini
şərtləndirən mühüm faktorlar olduğunu diqqətə çatdırıb.

Çıxışının sonunda Akademiya rəisi tədbirin təşkilində əməyi
keçən hər kəsə təşəkkür edərək simpoziumun işinə uğurlar
arzulayıb.

Daha sonra ikigünlük simpozium sessiyalarla öz işini davam
etdirib.

Teqlər: