Dövlət Gömrük Komitəsinin Akademiyasında ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə nəzarət, ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə isə sertifikatlaşdırma auditi keçirilib. Akademiyanın “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə beynəlxalq ISO 9001:2015 sertifikatını əldə etməsindən sonra baş tutan ilk audit Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu və nümayəndəliyin baş auditoru Xatirə Salahova tərəfindən aparılıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasından Trend-ə verilən məlumata görə, auditdən öncə Akademiya rəhbərliyinin və ISO İşçi qrupunun iştirakı ilə qonaqlarla görüş keçirilmişdir. Görüşdə son 2 il ərzində ISO standartlarının tətbiqi ilə bağlı görülən işlərin ümumi nəticələri təhlil edilmiş və 2 gün ərzində Akademiyanın struktur bölmələrində davam edəcək auditin əsas mərhələləri müzakirə edilib.
Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə etmiş, DGKA ilə əməkdaşlığa görə Türk Standartı İnstitutuna minnətdarlığını bildirib. Qulu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə layiq görüldüyü beynəlxalq TS EN ISO 9001:2015 sertifikatının önəmindən, əmək fəaliyyətində ISO standartlarının tətbiqinin vacib rolundan bəhs etmiş, həmçinin keyfiyyətin təminatı və əməyin təhlükəsizliyi üzrə Akademiyanın struktur bölmələrində keçirilən daxili auditin nəticəsi və fəaliyyətin ISO 45001:2018 standartına tam uyğun səviyyədə təşkil edilməsi istiqamətində görülən işlər barəsində auditorlara ətraflı məlumat verib.
TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu və nümayəndəliyin baş auditoru Xatirə Salahova öz növbələrində onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək Keyfiyyəti İdarəetmə, həmçinin Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sisteminin qurulmasında və inkişaf etdirilməsində əməkdaşlar tərəfindən göstərilən xüsusi diqqəti və sərf edilən əməyi yüksək qiymətləndiriblər.
Daha sonra peşə sağlamlığı və əməyin təhlükəsizliyi istiqamətində Akademiyada həyata keçirilən işləri özündə əks etdirən videoçarx nümayiş olunub.
ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə nəzarət və ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə isə 2 gün ərzində davam edən sertifikatlaşdırma auditi zamanı nümayəndələr struktur bölmələrin iş prosesi ilə yaxından tanış olmuş və müvafiq sahələr üzrə təkmilləşdirilmənin daha da yüksək səviyyədə həyata keçirilməsi və maarifləndirmə işlərinin davamlı aparılması üçün bir sıra təkliflər irəli sürüblər.
Sonda uğurla başa çatan auditlə bağlı Akademiyanın rəhbərliyinin, Türk Standartları İnstitutunun nümayəndələrinin və kollektivin iştirakı ilə yekun iclas keçirilib.
İclasda Akademiyanın rəisi Qulu Novruzov audit iştirakçılarına təşəkkür edərək auditorlar tərəfindən irəli sürülən bütün təkliflərin nəzərə alınacağını bildirmiş və gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.