Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) doqquz ali təhsil
müəssisəsinin birgə tərəfdaşlığı ilə icra olunan Avropa İttifaqının
Erasmus+ Work4CE konsorsium layihəsi çərçivəsində İspaniyanın
Bilbao şəhərində 07-11 mart 2022-ci il tarixlərində təşkil edilmiş “Train-the-Trainer” (Təlimçilərin Təlimi) tədbirində uğurla təmsil
edilmişdir. Avropanın 6 ali təhsil müəssisəsinin və Gömrük
Akademiyası da daxil olmaqla Azərbaycanın 3 ali təhsil
müəssisəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin
təşkilatçısı Bask Ölkəsinin Universiteti (Universidad del Pais
Vasco – UPV) və xüsusilə onun Mühəndislik fakültəsi olmuşdur.
Təlimlərin ilk günü Akademiya rəisi Qulu Novruzovun UPV
rektoruna ünvanladığı məktub və Universitetin kitabxana fonduna
hədiyyə etdiyi Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi
münasibətilə hazırlanmış kitab UPV-nin nümayəndələrinə təqdim
edilmişdir. UPV-nin professoru Xosera Otegi Akademiya rəhbərliyinə
dərin minnətdarlığını bildirərək UPV-nin Akademiya ilə qarşılıqlı
sahələr üzrə ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu
vurğulamışdır.
Təlim gündəliyinə uyğun olaraq, 09 mart İnformasiya
texnologiyaları və texniki elmlər kafedrasının müdiri Babək Abbasov
və Akademiyanın beynəlxalq əməkdaşlıq üzrə koordinatoru, həmçinin
layihənin meneceri Elvin Mecidov layihə çərçivəsində DGKA
tərəfindən hazırlanmış “Rəqəmsal texnologiyalar” modulunun,
xüsusilə onun didaktik konseptinin təqdimatı ilə çıxış etmişdirlər.
Daha sonra təlim iştirakçıları komandalar daxilində praktiki
tapşırıqlar yerinə yetirmişdirlər.
Səfər zamanı tədbirdə iştirak edən bir sıra xarici ali təhsil
müəssisələrinin nümayəndələri ilə layihə çərçivəsində birgə
fəaliyyət imkanları, DGKA ilə qurulacaq ikitərəfli əməkdaşlığın
sahələri və digər maraq doğuran mövzular üzrə geniş müzakirələr
aparılmışdır.
Qeyd edək ki, 2020-ci ildə başlanmış və 2023-cü ilin noyabr
ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye
4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal
qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”)
müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun
hazırlanması (“İşçi Qüvvəsi 4.0”) hədəfinə xidmət edir. Gömrük
Akademiyasının bu layihədə iştirakının məqsədi Azərbaycanda gömrük
sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0”
tələbatlarına, xüsusilə milli gömrük qurumlarının rəqəmsal
transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin
ölkəmizin gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış
gömrük kadrları ilə təminatını dəstəkləməkdir.