Gömrük Akademiyası ilə BQXK arasında əməkdaşlıq müzakirə olunub

Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi arasında video-konfrans formatında görüş keçirilib.

AzerTimes-ın məlumatına görə, görüşdə Akademiyanın rəisi Qulu Novruzov, nümayəndəliyin rəhbəri xanım Ariane Bauer və hər iki qurumun heyəti iştirak edib.

Görüşün əsas məqsədi BQXK-nin Azərbaycan nümayəndəliyinin Gömrük Akademiyasına beynəlxalq humanitar hüquq (BHH) üzrə təklif etdiyi dəstəyin müxtəlif aspektləri və Akademiyanın gömrük orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsində fəaliyyətinin səmərəsinin artırılması məqsədilə gömrük xidməti əməkdaşları üçün BHH üzrə təlimlərin və seminarların keçirilməsi məsələləri müzakirə edilib.

Akademiyanın rəisi Qulu Novruzov rəhbərlik etdiyi xüsusi təyinatlı ali təhsil müəssisəsi haqqında geniş məlumat verib, Akademiyanın BQXK-nin Azərbaycan nümayəndəliyi ilə faydalı əməkdaşlığa hazır olduğunu bildirib.

Nümayəndəliyin rəhbəri xanım Ariane Bauer əməkdaşlığa təşəbbüs göstərdiyinə görə Akademiyanın rəhbərliyinə təşəkkürünü bildirib, BQXK və Azərbaycandakı nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib.


Nümayəndəliyin ekspertləri Qumral Aslanova və Jalə Əzizova qurumun Azərbaycanda müxtəlif ali təhsil müəssisələri və bir sıra dövlət qurumları ilə təlim-tədris sahəsində əməkdaşlıq əlaqələri haqqında təqdimatla çıxış ediblər.

Akademiyanın beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Elvin Mecidov ikitərəfli əməkdaşlıq, BHH və gömrük təlimi üzrə potensial mövzular, Ümumdünya Gömrük Təşkilatının prioritetləşdirdiyi BHH sahələri haqqında danışıb.

Görüşdə BHH üzrə tələbələrin beynəlxalq yarış komandasının yaradılması və inkişafı, seçmə fənlərin məzmununun BHH üzrə mövzularla zənginləşdirilməsi, yeni seçmə fənnin yaradılması, yay məktəbinin, mühazirələrin, təcrübə proqramının təşkil edilməsi və Akademiyanın kitabxanasının müvafiq informasiya resursları ilə təmin edilməsi üzrə əməkdaşlıq sahələri, növbəti mərhələdə isə, gömrük orqanlarının əməkdaşları üçün təlimlərdə BHH üzrə tədris edilən mövzuların (gömrük fəaliyyətinin təcili humanitar fəaliyyətlərdə rolu, sərhəddə ticarət və humanitar yardım, təbii fəlakətlər zamanı gömrük fəaliyyəti və s. ) birgə müəyyənləşdirilməsi imkanları müzakirə edilib.

Görüşün sonunda iki qurumdan olan məsul şəxslərin əməkdaşlıq sahələri üzrə birgə fəaliyyətinin təşkil edilməsi qərara alınıb.

Teqlər: