GoldenPay şirkətinin 2021-ci il üzrə maliyyə göstəriciləri açıqlandı

Azərbaycanda ilk onlayn ödəmələr şirkəti, Hesab.az portalının
yaradıcısı “QoldenPey” ASC 2021-ci il üzrə maliyyə və digər
göstəricilərini açıqlayıb. GoldenPay şirkətinin idarə heyətinin
sədri – Naina Mehdiyevadan aldığımız məlumata əsasən, bu il
fəaliyyətinin 15-ci ilində olan şirkətin göstəricilərində əvvəlki
il ilə müqayisədə xeyli artım müşahidə olunub.

Belə ki, şirkətin 2021-ci il üzrə ümumi dövriyyəsi 494,932,551
manat olmuşdur ki, bu rəqəm əvvəlki ilin analoji dövrü (2020:
348,410,896 manat) ilə müqayisədə 42% artım olduğunu əks etdirir.
2021-ci ilin gəlirləri 8,396,901 manat olmuşdur ki, bu da əvvəlki
ilin analoji dövrünə (2020: 5,310,165 manat) nisbətən 58% artım
olduğunu göstərir. 2021-ci ilin xalis mənfəəti isə, 1,410,834 manat
olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü (2020: 715,073 manat)
ilə müqayisədə 97% daha çox olmuşdur.

2021-ci il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri
4,158,827 manat təşkil etmişdir. Bu göstərici 2020-ci il ilə
müqayisədə (2020: 3,019,964 manat) 38% artmışdır və 2021-ci il sonu
etibarilə cəmi kapital (xalis aktivlər) 2,467,583 manat təşkil
etmişdir. Bu göstərici əvvəlki ilin göstəricisi (2020: 1,056,749
manat) ilə müqayisədə 134% artmışdır.

Bu artımı həm də Hesab.az onlayn xidmətlər platforması üzrə də
müşahidə etmək mümkündür. Belə ki, platformanın 2020-ci ildə 614
min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2021-ci ildə bu rəqəm
688 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı
istifadəçi sayında bir il ərzində 12% artım olduğunu göstərir.
Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 700 mindən
çoxdur.

14 Aprel tarixində yaradılışının 11-ci ilini qeyd edən Hesab.az,
bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin
genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri
məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən
müxtəlif kampaniyaları ilə nail olmuşdur.

Qeyd edək ki, şirkətdən aldığımız məlumata əsasən, 2022-ci ildə
şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və
xidmətlərin təqdim olunması və bazardakı lider mövqeyinin
saxlanılması nəzərdə tutulur.

Teqlər: