Mayın 11-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri,
Milli Qəhrəman, Azərbaycan Velosiped Federasiyasının prezidenti
Mədət Quliyevin aprelin 22-dən 24-dək Bakıda keçirilən bədii
gimnastika üzrə Dünya kubokunda uğurla çıxış edərək 1 qızıl, 1
gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın
üzvləri ilə görüşü baş tutub.
Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, görüşdə
gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana
Vasileva da iştirak ediblər.
Görüş çərçivəsində nazir Mədət Quliyev qrup hərəkətləri üzrə
yığma komandanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova,
Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya
Sorokinanı “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)”
Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Tədbirdə həmçinin Azərbaycan Gimnastika Federasiyasının bədii
gimnastika üzrə yığma komandasının məşqçiləri Siyana Vasileva,
Səbinə Qaratova, hakim Yevgeniya Vilyayeva, baş xoreoqraf Kamil
Quliyev və baş katib Nurlana Məmmədzadəyə də yubiley medalları
təqdim olunub.
Daha sonra çıxış edən nazir Mədət Quliyev ölkəmizdə idmana
dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu
sahədə əldə olunan nailiyyətlərdən danışıb. O, qeyd edib ki,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının
rəhbərliyinə gəlişindən sonra ölkəmizdə gimnastika sahəsində qısa
müddət ərzində yüksək səviyyəli uğurlar əldə olunub. Mədət Quliyev
qrup hərəkətləri üzrə yığma komandamızın Bakıda keçirilən Dünya
kubokunda qızıl və gümüş medallar qazanmasını bu uğurların nəticəsi
kimi dəyərləndirib.
Görüşün sonunda nazir gimnastların ona ünvanladığı suallarını
cavablandırıb, keçdiyi həyat yolundan maraqlı məqamları
bölüşüb.