Gimnastımız batut üzrə Dünya Kubokunda finala yüksəlib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən batut üzrə
Dünya Kubokunda finala yüksəlib.

AzerTimes-ın məlumatına görə, öz qrupunda ən yaxşı nəticəni Selcan
Maqsudova göstərib. O, birinci cəhdə görə hakimlərdən 52.720 xal,
ikinci cəhdə görə isə 53.100 xal alıb.

Yeni qaydalara əsasən, öz qrupunda iştirakçılar arasında ən
yaxşı nəticə nümayiş etdirən bir gimnast avtomatik olaraq finala
çıxır. İki cəhddən toplanan ən yüksək xal nəzərə alınır.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: