Gimnastımız batut gimnastikası üzrə Dünya Kubokunun finalında mübarizə aparacaq

Bu gün, fevralın 13-də Bakıda Milli Gimnastika Arenasında batut
gimnastikası üzrə Dünya Kuboku yarışlarının sonuncu günü
keçiriləcək.

Final gününün proqramı iki mərhələdən ibarətdir: əvvəlcə kişilər
arasında fərdi proqramda ikinci təsnifat mərhələsi, daha sonra isə
kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar
üzrə finallar keçiriləcək.

Azərbaycan gimnastı Selcan Maqsudova qadınlar arasında fərdi
proqramın finalında çıxış edəcək. Xatırladaq ki, seçmə mərhələdə
S.Maqsudova öz qrupunda ən yaxşı nəticəni göstərib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: