Moskva İrəvanla Bakı arasında ziddiyyətlərin aradan qaldırılması və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
“Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eləcə də ən kəskin Ermənistan-Azərbaycan ziddiyyətlərinin həlli istiqamətində məqsədyönlü iş aparır”, – Gerasimov bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir:
“Döyüş əməliyyatları zamanı rus sülhməramlıları 10 mindən çox dinc sakinin öz dislokasiya yerlərində yerləşdirilməsini və sonradan regionun demək olar ki, bütün əhalisinin Ermənistan ərazisinə təhlükəsiz çıxışını təmin ediblər. Bundan əlavə, 300-ə yaxın yaralı sülhməramlılar tərəfindən xəstəxanalara çatdırılıb. Eyni zamanda, Rusiya hərbi kontingenti dinc həyat qurmaq və sakinlərin bölgəyə qaytarılması imkanlarının təminatçısı kimi tapşırıqları yerinə yetirməkdə davam edir”.