2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.
Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.
“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.
AzerTimes olduqca önəmli bu protokolun dərcinə davam edir:
Ali Baş Komandanlıq Aparatına
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə
10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)
Təsnifat: (hərbi) məxfi, arxiv sənədi
İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi
Əvvəli BURADA
General Qüdrətullah Kərimian:
– Həzrət ağa (Əli Xamenei –red.), bizim vilayətdə vəziyyət çox pisdir və camaat dərd içindədir. Bilmirəm, ağalar burada senzura edirlər, yoxsa açıq-aşkar və aydın şəkildə danışmaqmı istəmirlər. Unudublar ki, İmam Zamanın layiqli naibinin qarşısındadırlar. Lakin izninizlə, mən senzurasız və aydın şəkildə danışmaq istəyirəm. Bizim borcumuzdur ki, ortaya çıxan məsələləri dəqiq surətdə ötürərək xəbərdar edək. Həzrət ağa, əldə etdiyim məlumatlara əsasən, ərazimizdə olan küçələrdəki millətlə (etirazçılar) yaşadığımız problemlə yanaşı, qonşu ölkəylə sərhədimizdə olan əks-inqilabçılarla aramızda toqquşmalar da mövcuddur. Bizim qüvvələrimiz iki qrupa ayrılır. Həzrət ağa, sizin də bildiyiniz kimi, adi millətlə əks-inqilabçılarla davrandığımız kimi davrana bilmərik. Bu millət sərhəddəki terrorçuların qarşısında əliyalın vəziyyətdə durur. Həmin bu terrorçular keçən həftə bir hərbiçimin başını kəsib mənə yollamışdılar. Biz öz qüvvələrimizə silah verə bilərik ki, terrorçunu və təcavüzkarı öldürsün. Çünki o, vətənə təcavüz edib və bizim heç kimlə torpaqla bağlı zarafatımız olmaz. Amma necə ola bilər ki, düşmənə atəş açdığımız silahla qızlarımızı atəşə tutaq? Bunlar eyni şey deyil. Düşmən barədə qüvvələrimizə deyəsi nəsə varımızdır, o, təcavüzkardır. Bəs xalq haqda necə bəraət qazandıra bilərik? Allah əvvəlki dövlətlərə lənət eləsin ki, zəif performansları ucbatından ölkəni bu vəziyyətdə təhvil veriblər. Lakin maddi sıxıntıda olan, çörək dərdi çəkən milləti silah gücüylə susdura bilmərik. Buna baxmayaraq, hər gün öz ofislərində rahat şəkildə otururan cənab Şamxani və həmkarlarından məktub alırıq ki, şəhəri sakitləşdirin, vurun və susdurun! Vuraq? Necə vuraq? Millətə əl qaldırmaq olmaz. Allahın cavabını necə verəcəyik bəs?
Mən hazıram bu saat sizin mənə verdiyiniz rütbələri qaytaram və evimdə, ailəmin qarşısında abırla oturam. Çörək dərdi çəkənlə silah diliylə danışmaq olmaz. Buyurun, Elam vilayətinə gəlin və bu vilayətin şəhərlərini yaxından görün. İnsanların vəziyyəti pisdir. Günlük 50 min tümən (təxminən 1 dollar) üçün səhər tezdən işə gedirlər, çətin şəraitdə fəhləlik edirlər. Biz isə gələk bunların “maaşlarını” 150 min tümənlik gülləylə verək?
Ağalar və bir çoxları dedilər ki, bizə büdcə verin, susduraq. Hacıağa Səidi də gözəl məqamlara toxundu və biz də sözlərini dinlədik; lakin niyə həmin büdcəni insanların yaşayışına xərcləməyi düşünmədiniz?
Mən nə zaman komanda mərkəzinə girirdim, otağımın qapısında olan əsgəri tapa bilmirdim. Harda olduğun soruşanda doğru bir cavab ala bilmirdim. Bir gün başqa əsgərlə durub evlərinə getdim. Qoca və yataqda olan atası və anasıyla qarşılaşdım. Yeməyə çörəkləri belə yox idi və əsgər dərmanlarını təmin etmək üçün öz xəstəliyini bəhanə edərək, əsgər ola-ola fəhləlik edirdi.
Həzrət ağa, bunları görmək mənim və başqa hər kəs üçün ağırdır. Millətin fəryadına çatın! Millət iğtişaşçı deyil. İğtişaşçılara qarşı mövqeyimiz bəllidir, lakin millətin təhlükəsizliyi təmin olunmalıdır.
General Əli Cuma Məlik Şah Kohi:
– İnformasiyanın yayılması ölkənin təhlükəsizlik, informasiya, iqtisadi və mədəniyyət qurumlarının əsas problemidir. Sistemin daxilindən informasiyaların sızması və müxtəlif medialarda yayılması bunu göstərir ki, ölkəmizdə təhlükəsizlik problemi ilə üz-üzəyik. ETTELAAT məmurları tam olaraq nə işlə məşğuldular?
Ağalar bildirirlər ki, son zamanlarda hansısa bir qızın ölümünə görə (Məhsa Əmini nəzərdə tutulur – red.) minlərlə insan itaətsizlik edib və minlərlə insan tutuqlanıb. Ölkə böhran mərhələsinə çatacaq. Sizcə, bunun vaxtı gəlməyib ki, informasiya və mühafizə sistemində – ETTELAAT-da – böyük bir dəyişiklik edək? Bunun əksini düşünürsüzsə, bəs yayılan xəbərlər və informasiyaların qabağını necə alaq?
Burada iştirak edən ağaların əksəriyyəti dövlətdəki informasiya və hərbi sisteminin nasazlığı barədə mənimlə həmfikirdilər. Buna səbəb isə iqtisadiyyatın qeyri-stabilliyi və inancın zəifliyidir. Keçən həftə mənim zonamda bir casus və iki təxribatçı saxlanılmışdı. Lakin bunlar elə bu vilayətdəki SEPAH-ın 40-dan artıq önəmli simasının məlumat ötürmədə ittiham olunaraq saxlanılmasının qarşısında heç nədir. Bu heyətin sənədlərin yoxlasanız, görərsiniz ki, 5 milyon tüməndən 10 milyon tümənə qədər (100-200 dollar) kiçik məbləğlər müqabilində informasiyaları xaricə öturublər. Belə çıxır ki, 5 milyon tümən qarşılığında məlumatları satan şəxs lüks bir həyatı düşünməyib, sadəcə az da olsa, maddi çətinlikdən xilas olmaq istəyib. Bunu da vurğulamalıyam ki, bu insanların əlində önəmli və gizli məlumatlar var idi.
Bu gün bizim məmurumuz özünü xarici orqanlara sübut etməyə çalışır. O, əcnəbilərə bildirmək istəyir ki, mən də bacararam. Zarafat deyil bu! Sistem içəridən öz-özünü məhv edir. Ölkənin məlumat və sirrinin qorunması ən vacib məsələdir və aidiyyəti şəxslər gərək rollarını layiqincə yerinə yetirsinlər.
Ardı var