Bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.
AzerTimes xəbər verir ki, bunu DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Əli Nağıyev Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulayıb, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib.
Xidmət rəisi Əli Nağıyev Ulu Öndərin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırıb.