Gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən 2019-cu ildən etibarən təşkil olunan “GəncLİK” (Liderlərin İnkişafı Konsepsiyası) proqramının bağlanış mərasimi baş tutub.
Proqramda iştirak üçün müraciət edən 1000-dən artıq namizəd arasında seçilən 30 gənc lider layihə müddəti çərçivəsində “Komanda quruculuğu”, “Liderlik və menecment”, “Strateji idarəetmə”, “Rəqəmsallaşma və innovasiya”, “Gənclər siyasəti” mövzuları olmaqla, ümumilikdə 18 mövzuda yerli və xarici mütəxəssislərlə 3 aylıq təlimlərə cəlb olunub, dövlət qurumlarının və özəl qurumların rəhbər şəxsləri ilə görüşlərdə olub, müxtəlif səfərlərdə iştirak ediblər.
Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Natiqlər çıxışlarında proqramı müvəffəqiyyətlə başa vuran gənc liderləri təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı zəfərin əldə olunmasında gənclərin rolundan bəhs edərək, “GəncLİK” proqramının müxtəlif istiqamətlərdə həyata keçirilən digər layihələr kimi gənclərin bütün sahələrdə inkişafını dəstəkləyərək onların yeni bilik və bacarıqlar əldə etməsi məqsədi daşıdığını vurğulayıblar. Proqramın bir neçə iştirakçısının da Vətən müharibəsi iştirakçısı olduğu xüsusi vurğulanıb.
Proqram çərçivəsində gənc liderlərin karyera yüksəlişi təşviq olunub, bacarıqları ilə fərqlənən və təlimləri uğurla yekunlaşdıran namizədlər rəhbər vəzifələrə təyinat alıb və digər karyera yüksəlişinə nail olublar. Çıxışlarda “GəncLİK” proqramının gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardan biri olduğu qeyd edilib, layihəni uğurla başa vuran gənc liderlərin bundan sonra da dövlət gənclər siyasətinə böyük töhfələr verəcəklərinə inam ifadə olunub.
Uğurla başa çatan proqramın növbəti dəfə keçirilməsi planlaşdırılır və müraciətlər üçün elan yaxın zamanlarda veriləcək.