Gənclərin xaricdə təhsilinin hansı formada maliyyələşdiriləcəyi açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanlı gənclərin xarici ali təhsil müəssisələrində
təhsilin maliyyələşdirilməsi qaydası hazırlanacaq.


Trend
xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin
fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali
təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər
üçün Dövlət Proqramında əksini tapıb.

Bildirilib ki, xarici ali təhsil müəssisələrində təhsilin
maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə
mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq
və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcək.

Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq
riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının
alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcək.
Hazırlanacaq qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali
təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra
ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı
inkişafına töhfə vermələrinə imkan yaradacaq.

Dövlət Proqramının maliyyələşdirilməsi mənbələri də məlum olub.
Belə ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası
aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

– Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

– beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə
yardımları;

– kreditlər və qrantlar;

– xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri.

Teqlər: