Gənclərin vətənpərvər ruhda tərbiyəsi Vətən müharibəsində müsbət nəticəsini verdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Vətən müharibəsi zamanı öz müsbət nəticəsini verdi. Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyəti özünü göstərdi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Şahin İsmayılov deyib. Deputat bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi: “Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə uğurlu bir gənclər siyasəti modeli yaranıb.

Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında da gənclər prosesin mərkəzindədir. Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunurlar.

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, YAP-ın yeni formalaşan idarə heyətində də kifayət qədər gənc təmsil olunub. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə toxunan ölkə başçısı gəclərimizin bundan sonrakı dövrdə də vətənimizin daha da inkişafı üçün üzərlərinə böyük yük düşdüyünü qeyd edib”.

Deputat vurğulayıb ki, Vətən müharibəsi zamanı şücaət göstərən gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik olub: “Burada Ulu Öndər Heydər Əliyevin “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” kəlamı yada düşür.


Azərbaycan gəncliyi Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkə başçısının fəaliyyətinin bütün istiqamətlərində ən önə çıxan anlayışın Vətən sevgisi olduğunu gördü, belə yetişdi. Bundan sonrakı dövrdə də bu gəncliyin üzərinə böyük vəzifə düşür. Gələcək nəsillərin vətənə bağlı, dövlətini sevən, tarixinə hörmət edən və onun qürurunu yaşayan bir nəsil kimi formalaşmasına kömək etmək.

Prezident İlham Əliyev, həmçinin Qarabağın bərpasında, Böyük Qayıdışın icrası zamanı partiyanın gənclərinin də aktiv şəkildə iştirak etməli olduğunu xüsusilə vurğuladı. Düşünürəm ki, ətrafında kifayət qədər böyük gənclər ordusu toplayan Yeni Azərbaycan Partiyası bütün bu proseslərdə yaxından iştirak edəcək və üzərinə düşən missiyanı laiqincə yerinə yetirəcəkdir”.

Teqlər: