Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərarını rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, gənclər təşkilatları, ictimai fəal gənclərin, Vətən müharibəsi iştirakçılarının və dövlət rəsmilərinin iştirakı ilə sentyabrın 27-də Bakı Konqres Mərkəzində “Vətən mənə oğul desə” adlı anım tədbiri keçirilib.
Fonddan AzerTimes-a bildirilib ki, anım tədbirində şanlı bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda ucaldan, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanca döyüşmüş, canlarından keçmiş şəhidlərimiz dərin ehtiramla yad edildi.
Bir il əvvəl Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və əsgərlərimizin rəşadəti sayəsində zəfərlə bitdi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu, münaqişə sona çatdırıldı.
Tədbirdə Gənclər Fondunun icraçı direktor müavini Orxan Ərəbov, Vətən müharibəsi qəhrəmanı Vüsal Yaqubov, “Böyük Qayıdış” Gənclər Təşkilatı İB-nin idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyev, “İrəli” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı çıxış etdilər. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazanılan hərbi-siyasi zəfərin xalqımızın çoxəsrlik tarixinin ən mühüm və parlaq hadisələrindən biri olduğunu qeyd etdilər.
Tarixi qələbənin qazanılmasında gənclərin rolundan bəhs edərkən natiqlər dövlət başçısının “Əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi” və “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var” fikirlərinə istinad edərək, Vətən Müharibəsi zamanı gənclərin ön cəbhədə əsgər və zabit kimi qəhrəmancasına döyüşdüyünü, arxa cəbhədə erməni hücumuna məruz qalan mülki əhaliyə dəstək olduğunu, informasiya savaşında virtual məkanda erməni yalanlarını ifşa etdiklərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırdıqlarını bildirdilər.
Tədbirdə, həmçinin, gənclərin və gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyəti barədə bəhs edən “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” jurnalı təqdim edildi, 44 günlük Vətən müharibəsinə həsr olunmuş müxtəlif video-çarxlar, o cümlədən “Belə Belə İşlər” Platforması və Gənclər Fondunun birgə hazırladığı, Vətən Müharibəsinə həsr olunmuş silsilə videogündəliyin ilk videosu nümayiş olundu.