“Gənclərin biznes emalatxanası” layihəsinə Qəbələdə start verildi (FOTO)

Cəlilabad və Ağdamdan sonra “Gənclərin biznes emalatxanası”
layihəsinə Qəbələ rayonunda da start verilib. Qəbələ Dövlət Peşə
Təhsil Mərkəzində peşə təhsili alan sonuncu kurs tələbələri üçün
biznes təlimlərinə başlanılıb. Təlimdə gənclər Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB İnkişaf Mərkəzinin
ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti, satış, korporativ
idarəetmə, rəqəmsal bacarıqlar və s. kimi ilkin biznes biliklərinə
yiyələnəcəklər.

Bununla bağlı təşkil olunmuş tədbirdə KOBİA, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət
Agentliyinin nümayəndələri layihənin məqsədi, mərhələləri və əldə
ediləcək nəticələr barədə məlumat verib, iştirakçıların suallarını
cavablandırıblar. Tədbir iştirakçıları həmçinin, Qəbələ Dövlət Peşə
Təhsil Mərkəzində gənclərin peşə təhsilinə yiyələnməsi üçün
yaradılmış şəraitlə tanış olublar.

KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət
Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası”
layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes
bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə
təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik
sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının
artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə
təhsilinə marağın artırılmasıdır.

2021-2023-cü illəri əhatə edəcək layihə ilk olaraq Cəlilabad,
Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə bitkiçilik və
heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər,
dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə
edir.

Layihə çərçivəsində peşə təhsili alan gənclər təlimlərə cəlb
olunur, onlara mentorluq dəstəyi göstərilir, biznes müəssisələrinə
təlim və təcrübə səfərləri təşkil olunur. Təlimləri uğurla başa
vuran gənclər seçdikləri fəaliyyət sahələri üzrə müvafiq
avadanlıqlarla təmin olunacaqlar.

Teqlər: