Ulu Öndər Heydər Əliyev güclü, inkişaf etmiş dövlət quruculuğunda gənclərin rolunu daim xüsusi qeyd edirdi.Bu gün də Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsi kimi çıxış edir. 2020-ci ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad etdikləri ərazilərdə böyük quruculuq işləri aparır, xalqın rifahı, dövlətimizin daha da yüksəlişi naminə əzm və fədakarlıqla çalışırlar.
AzerTimes xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, ölkənin ictimai-siyasi, mədəni həyatının müxtəlif sahələrində sistemli islahatlar aparan dahi lider bütün proseslərdə gənclərin roluna daim xüsusi fikir verirdi:
“Heydər Əliyev 1993-cü ildə respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra da böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Etiraf olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyevin respublikada ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar da elə gənclər idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də Ulu Öndəri dahi lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Ulu Öndərimizin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.”
K.Qafarov qeyd edib ki, hazırda ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Azərbaycanda həyata keçirilən ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir:
“Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderimizin tapşırıqlarına əməl edərək ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Təsadüfi deyil ki, dövlətimizin başçısı 2022-ci ildə keçirilmiş növbəti Gənclər Forumunda etdiyi çıxışında gənclərimizin Vətən müharibəsində rolunu çox yüksək qiymətləndirmişdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün tükənməz qürur mənbəyidir”.