Gənclər Fondunun əməkdaşları və aparıcı gənclər təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Xalqımızın tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur günü kimi həkk olunan 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü gənclər siyasətinin nəticəsi olaraq vətənpərvər ruhda yetişən gənclər Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını qurban edən qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla hər il yad edirlər. Eyni zamanda ölkəmizdə və dünyanın müxtəlif ölkələrində bu mövzuda silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirən, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığını bütün dünyaya çatdıran gənclər faciə ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması məsələsini daim diqqət mərkəzində saxlayırlar.
Vətənin suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edən gənclər ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyublar.
İstər 20 Yanvar faciəsi, istərsə də Vətən müharibəsində qələbəmiz xalqımızla və gənclərimizlə bağlı düşmənlərimizin illər boyu yaratdıqları stereotipləri, o cümlədən, “düşmən qabağından qaçmaq”, “döyüşkən olmamağımız” stereotipini alt-üst edir. Xalqımız və gənclərimiz 20 Yanvarda əliyalın şəkildə tankların qarşısına çıxdığı kimi, Vətən müharibəsində bir nəfərin belə fərarilik etməməsi ilə cəsurluğunu və qorxmazlığını sübut etdilər.
Bu gün Azərbaycan bütöv, tamamlanmış haldadır. İşğaldan azad olunmuş torpaqlarımız xalqımızın əzmini, gücünü, vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Azadlığa gedən yolumuzda ilk cığırları isə məhz 20 Yanvarda həlak olan qəhrəmanlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq.