Bəşəriyyət əleyhinə törədilmiş ən böyük cinayətlərdən birinin – Xocalı soyqırımının 29-cu ildönümü tamam olur. Hər il olduğu kimi bu il də Xocalıda qətlə yetirilən günahsız insanların xatirəsi dərin hörmətlə anılıb. Hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsi ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri tərəfindən ziyarət olunub. Gənclər abidə önünə güllər düzüb, faciə qurbanlarının ruhlarını dərin ehtiramla yad ediblər.
Bu dəfəki ziyarət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 Günlük Vətən müharibəsində qazandığı tarixi qələbə fonunda ayrı çalar alırdı. Çünki Vətən müharibəsi dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi qəhrəman ordumuz tərəfindən məhv edilmişdi. Azərbaycan hərb meydanında Xocalı soyqırımının qisasını almışdır.
Gənclər Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində fəaliyyətlərini bundan sonra da əzmlə davam etdirəcəklər. Tezliklə haqq öz yerini tapacaq, cinayətkarların qalanı da layiqli cəzalarını alacaq və bununla da şəhidlərimizin ruhu rahatlığa qovuşacaqdır.