Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzləri əhatə etdikləri rayonların müxtəlif qurumlarının iştirakı ilə 2 Fevral – Gənclər Günü münasibətilə onlayn tədbirlər keçiriblər.
Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bu münasibətlə Samux rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşkil edilmiş Vətən Müharibəsinin gənc qaziləri ilə keçirilən onlayn görüşdə iştirak edib. Tədbirdə Regional Mərkəzin rəhbəri gənc qazilərə və digər iştirakçılara tarixi zəfərin əldə olunmasında ölkənin vətənpərvər gəncliyinin həlledici rol oynadığını, onların şücaəti və cəsarəti nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib. Görüşdə dövlət tərəfindən sözügedən kateqoriyadan olan həssas əhali qruplarına göstərilən dövlət qayğısı barədə danışan S.Abbasov Ombudsmanın da müntəzəm olaraq şəhid ailələri və qazilərlə görüşdüyünü, onların müraciətlərini hər zaman diqqətdə saxladığını, problemlərinin həlli məqsədilə müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.
Bundan əlavə, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Qazax rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon şöbəsi, Gənclər Evi sosial xidmət müəssisəsi tərəfindən Gənclər Günü münasibətilə təşkil edilmiş “Qalib ölkənin qalib gəncləri” mövzusunda tədbirdə də iştirak edib. Həmin tədbirdə Regional Mərkəzin rəhbəri iştirakçılara ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, bu sahədə qəbul edilmiş normativ sənədlər barədə geniş məlumat verib. O qeyd edib ki, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramından irəli gələn, gənclərin insan hüquqları, gender bərabərliyi, ekologiya və s. məsələlər üzrə maarifləndirilməsi istiqamətində Ombudsman təsisatının səmərəli fəaliyyəti də gənclərin məlumatlılığının daha da artırılmasına müsbət töhfə verir.
Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi, həmçinin rayon Gənclər və İdman İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində Qəbələ və Şəki rayonlarının müəssisə, idarə və təşkilatlarının əməkdaşlarının, gənclərin, o cümlədən Vətən müharibəsində iştirak etmiş qazilərin iştirakı ilə 2 fevral-Gənclər Günü ilə əlaqədar videokonfranslar keçirib. Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov hər bir dövlətin inkişafının məhz gənc nəslə bağlı olduğunu bildirib. O, daha sonra Ulu öndərin 9 aprel 2002-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Gənclər siyasəti haqqında” Qanundan bəhs edərkən həmin hüquqi-normativ aktda gənclərin fiziki, əqli, mənəvi inkişafına şərait yaradılmasına, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial-iqtisadi problemlərinin həllinə, hüquqlarının müdafiəsinin təmin olunmasına kömək edilməsinin gənclər siyasətinin başlıca məqsədi olaraq müəyyən edildiyini söyləyib. Bundan əlavə, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin potensialının inkişaf etdirilməsi, ölkəmizin mənafeyi naminə bu potensialdan istifadə edilməsi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırılması məqsədinin müəyyən edildiyi diqqətə çatdırılıb.
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Gənclər Günü ilə bağlı Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində tədbir keçirib. Keçirilən tədbirdə Regional Mərkəzin rəhbəri Z.İsmayılov çıxış edərək bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. O, ölkə gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyi, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığı, dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyi vurğulayıb.
Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən də Siyəzən rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə videokonfrans rejimində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi, onun təşəbbüsü ilə 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral gününün ölkəmizdə təntənəli bayramı kimi qeyd edildiyini bildirilib.
Qeyd edilməlidir ki, həmin tədbirlər zamanı regional mərkəzlərin rəhbərləri Müvəkkilin insan hüquqları, o cümlədən gənclərin hüquqlarının müdafiəsi ilə bağlı çoxşaxəli fəaliyyəti barəsində iştirakçılara məlumat verilib.
Tədbirlərin sonunda mövzu ilə bağlı müzakirələr davam etdirilib və iştirakçıları maraqladıran suallar cavablandırılıb.