Xəbər - Elçin Mehdiyev – Trend:
Bu gün Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində panel müzakirələri keçirilib.
AzerTimes-ın məlumatına görə, paneldə “Qarabağa Dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Sultan Hacıyev, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə, Beynəlxalq Alpinizm Federasiyanın (UIAA) buzadırmanma komissiyanın baş katibi İsrafil Aşurlu çıxış ediblər.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində bütün xalqımız yumruq şəklində birləşərək torpaqlarımızı erməni işğalından azad etdi. Torpaqlarımızın azad edilməsində gənclərimiz xüsusi rol oynadı.
Vurğulanıb ki, post-münaqişə dövründə azad edilmiş ərazilərdə sürətli quruculuq və bərpa işləri həyata keçirilir və Azərbaycanda bu sahədə görülən işlərin analoqu yoxdur. Azərbaycan bu quruculuq işlərini məhz öz resursları hesabına həyata keçirir.
Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında sübut etdi. İşğalda olan torpaqları məhz Qarabağı görməmiş gənclər azad etdi.
Daha sonra panel müzakirələr davam etdirilib.
Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.