Gənclər Fondunun 10 illik yubileyi festivalla qeyd olundu (FOTO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə təsis edilmiş Gənclər Fondunun 10 illiyi münasibəti
ilə Dənizkənarı Milli Park ərazisində gənclər festivalı təşkil
olunub.

Festivalda Fondun həyata keçirdiyi proqramlar və iri miqyaslı
layihələrin əyani təqdimatı, aparıcı gənclər və könüllü
təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar,
yumşaq bacarıqlar üzrə təlimlər, viktorinalar, istedadlı gənclərin
musiqi proqramları təşkil edilmişdir. Festival zamanı Fondun
fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında
infoqrafik və informativ videolar, o cümlədən Fondun yerli və
beynəlxalq tərəfdaşlarının təbrik müraciətləri nümayiş olunub.

Gənclər Fondunun 10 illik yubileyi münasibəti ilə təşkil edilən
tədbir çərçivəsində media nümayəndələrinin iştirakı ilə mətbuat
üçün brifinq təşkil edilib. Brifinqdə Gənclər Fondunun 10 il
ərzində görülən işlər haqqında ictimaiyyətə geniş məlumat
verilib.

Qeyd olunub ki, dövlət başçısının göstərişi ilə Gənclər Fondu
gənclərə təhsil, məşğulluq və təcrübə, beynəlxalq təmsilçilik,
asudə vaxtın səmərəli təşkili, fərdi inkişaf, ideyaların
reallaşdırılması və digər sahələrdə dəstək alətləri təqdim
edir.

Fəaliyyət dövründə Fond tərəfindən gənclər və gənclər
təşkilatlarının 5 minə yaxın yerli və beynəlxalq layihəsi
maliyyələşdirilmiş, ümumilikdə bu layihələrdən ölkə üzrə 500,000
nəfərdən çox gəncin yararlanmışdır. Bundan başqa, müsabiqə əsasında
ölkə üzrə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan
1190 istedadlı tələbənin təhsil xərci qarşılamış, 47 nəfər gəncin
isə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr
pilləsi üzrə təhsilini dəstəkləmişdir. Bununla yanaşı, 332 nəfər
gəncin beynəlxalq tədbirlərdə iştirakının təmin edildiyi və 48
gəncin isə xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Fond
vasitəsilə təcrübə keçdiyi qeyd edilib.

Hesabat dövrü ərzində Fond tərəfindən gənclərin inkişafına
yönəlik unikal layihələr həyata keçirilmişdir. Belə ki, “Səyyar
Gənclər Xidməti” layihəsi çərçivəsində hər il ölkənin 100-ə yaxın
ucqar kəndlərində on minlərlə gəncə dövlət başçısının həyata
keçirdiyi gənclər siyasətinin imkanlarının çatıdırılması, onların
bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtının
səmərəli təşkili, dövlətçilik və vətənpərvərlik hisslərinin daha da
artırılması istiqamətində iş aparılmışdır. 2019 və 2021-ci illərdə
müvafiq olaraq, Qusar və Şamaxı rayonlarında təşkil olunan
“YAYFEST” çadır düşərgələri minlərlə gəncin asudə vaxtının səmərəli
keçirilməsinə, onların fərdi inkişaf və sosiallaşmasına xidmət
etmişdir. Gənclərin intellektual inkişafının dəstəklənməsi
məqsədilə keçirilən “İntelektual klubların Gənclər Kuboku”nda
ölkəmizin müxtəlif bölgələrindən olan minlərlə gənc yarışıb.

Könüllü hərəkatının dəstəklənməsi və inkişaf etməsi Fondun
xüsusi prioritet istiqamətlərindən biridir. Belə ki, 2018-ci ildən
etibarən hər il beynəlxalq könüllülük günü (5 dekabr) ərəfəsində
könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə “Könüllü
həftəsi” keçirilmişdir. Bununla yanaşı, könüllülərin dövlət
başçısının çağırışına cavab olaraq, pandemiya dövründə dövlət
qurumları ilə çiyin-çiyin COVİD-19 virusu ilə mübarizə layihələri
Fond tərəfindən yaxından dəstəklənmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1
oktyabr, 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkənin 55
şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən Gənclərin
İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılmışdır.
Nümayəndəliklərdə son iki il ərzində 200 mindən çox gənc müxtəlif
mövzularda təlimlər və layihərə cəlb edilmişlər.

Fond Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
mütərəqqi dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq öz
fəaliyyətinin təkmilləşdirilməsi, gənclər üçün əlçatanlığın
artırılmasına xüsusi diqqət yetirməkdədir və bu məqsədlə innovativ
kommunikasiya vasitələrini tətbiq edir. Belə ki, “GencAPP” adlı
mobil tətbiq vasitəsilə, gənclər Fondun, eləcə də digər dövlət
qurumları və gənclər təşkilatlarının proqram və layihələri barədə
məlumat almaqla yanaşı, onlara birbaşa müraciət etmək imkanı əldə
edirlər.

2011-2021-ci illəri əhatə edən hesabat jurnalı ilə
https://online.pubhtml5.com/qgdl/mpvk/#p=3
linki vasitəsilə
tanış ola bilərsiniz.

Teqlər: