Xəbər - Samir Əli – Trend:
Bakı Apelyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı terror törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayətinə baxılıb.
AzerTimes-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Yunis Səfərovun vəkili vəsatət verərək müvəkkili barəsində verilmiş ittihamların 29. 120.1-ci(qəsdən adam öldürməyə cəhd) maddəyə tövsif olunmasını istəyib.
Təqsirləndirilən şəxs vəkilinin vəsatətini müdafiə edib.
Yunis Səfərov çıxışında bildirib ki, ona və digərlərinə mütəşəkkil dəstə halında birləşmə ittihamı verilməsinə görə bu ayın 23-dən etibarən aclıq aksiyasına başlayıb.
Cinayət işi üzrə digər təqsirləndirilən şəxslər və onların vəkillləri də birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.
Proses fevralın 8-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18-20 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb