Gəncədə şəhid Hüseyn Mirzəyevin anım günü qeyd olunub (FOTO)

Vətən müharibəsində minlərlə igid oğullarımız torpaqlarımız uğrunda canlarını qurban verdi. Hər birinin ömrü qəhrəmanlıq dastanına çevrildi. Vətənin harayına tələsən, şəhidliyi alın yazısı seçən Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri Mirzəyev Hüseyn Elsevər oğlunun ömrü kimi.

Dekabrın 22-də Gəncədə Vətən müharibəsində qəhrəmancasına şəhid olan Mirzəyev Hüseyn Elsevər oğlunun anım günü qeyd olunub.

Anım günündə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında ən ağır, gərgin döyüşlərdə belə üzündən gülüş əskik olmayan şəhid Hüseyn Mirzəyevin məzarını ziyarət edib, xatirəsini anıb,qəhrəmanın həyatından və keçdiyi şərəfli döyüş yolundan söhbət açıblar.

Mirzəyev Hüseyn Elsevər oğlu 2001-ci il sentyabrın 19-da Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 46 nömrəli tam orta məktəbi bitirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılır. Vətən çağırışına ilk səs verən əsgərlərin sırasında olub Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Hüseyn Mirzəyev. O, şərəfli döyüş yolu keçərək, Vətənə sevgisi, düşmənə sonsuz nifrəti ilə torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Hüseyn gərgin döyüşlərin getdiyi Füzuli bölgəsinə cəsur kəşfiyyatçı kimi göndərilir. Azərbaycan Ordusunun vətənpərvər, qorxmaz, cəsur əsgəri Hüseyn Mirzəyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşur. O, 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə növbəti hücuma keçərkən şəhid olur. Hüseyn sonuncu dəfə oktyabrın 12-də ailəsi ilə danışsa da, sonradan onunla heç bir əlaqə yaratmaq mümkün olmur. Ailəsi sentyabrın 21-də Hüseynin şəhid olması xəbərini alır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əsgər Hüseyn Mirzəyev dekabrın 22-də Gəncədə Şəhidlər xiyabanında torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, əsgər Mirzəyev Hüseyn Elsevər oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur.

Şəhidin atası Elsevər Mirzəyev bildirib ki, mən bir şəhid atası kimi oğlumla fəxr edirəm. “30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızı Hüseyn kimi mərd, qorxmaz oğullar bizə, xalqımıza qaytardı. Hüseyn bu gün tək mənim deyil, bütün Azərbaycan xalqının oğludur”. Şəhidimizdən 3 yaş kiçik olan qardaşı Həsən deyir ki, şəhidlik zirvəsinə ucalmaq hər adama qismət olmur. Qardaşımla fəxr edirəm.

Vətən çağırışına səs verən, ömrü dastana dönən şəhid Hüseynin ailə üzvüləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Teqlər: