Ötən gün güclü küləklə müşahidə olunan leysan xarakterli yağış Gəncə şəhərində bir sıra fəsadlar törədib. Belə ki, şəhərin SHXÇDX-nin Gəncə Şəhər Nizami Rayon Şöbəsinin ətraf ərazilərində yerləşən yaşayış evlərinin həyətinə və zirzəmisinə yağış suları dolub, nəticədə həmin evlər yararsız vəziyyətə düşüb.
AzerTimes xəbər verir ki, yaranmış problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri əraziyə yerində baxış keçirib. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində evlərin zirzəmilərinə və həyətinə dolan suyun çəkilməsi istiqamətində iş aparırlar.
Sözügedən ərazidə evlərin qanunsuz inşa olunması ehtimalı səbəbindən müvafiq araşdırmalar aparılmaqla məsələnin hüquq çərçivəsində həlli istiqamətində aidiyyəti qurumlarla müzakirələr həyata keçirilir.
Qeyd edək ki, daha əvvəl – mayın 23-də güclü küləklə müşahidə olunan leysan yağış şəhər ərazisində bir sıra fəsadlara yol açmışdı.